16 iyun 2026 15:15
88

Süni intellektin tətbiqi daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahəsində müasir idarəetmə modelinin formalaşdırılmasına imkan verəcək

Bu yanaşma beynəlxalq standartlara uyğun olmaqla yanaşı, hüquqi uyğunluğun təmin edilməsinə, əməliyyat səmərəliliyinin artırılmasına və institusional risklərin azaldılmasına xidmət edəcəkdir

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılmasında əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində rəqəmsal idarəetməyə keçidin təmin edilməsi ilə yanaşı bu sahədə süni intellekt texnologiyalarının tətbiq edilməsidir. Sistem daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və kadastr uçotu üzrə əlaqəli inzibati prosedur və xidmətlərin vahid elektron platforma üzərindən süni intellekt texnologiyalarının tətbiqi əsasında həyata keçirilməsini nəzərdə tutur.

Bu fikirləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə müsahibəsində qeyd edib.

Müsahibim vurğulayıb ki, süni intellektin tətbiqi üzrə konseptual yanaşma daşınmaz əmlakın qeydiyyatı və kadastr proseslərində obyektivliyin təmin olunmasına, insan faktorunun minimuma endirilməsinə, qərar qəbuletmə proseslərinin sürətləndirilməsinə, hüquqi və texniki səhvlərin qarşısının alınmasına xidmət edəcəkdir. Belə ki, sistemə hüquqların dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsas tələblər (sənədi verən orqanın səlahiyyəti, sənədin hüquqi qüvvəsi və verilmə tarixi, əmlakın texniki göstəriciləri, yerləşmə mövqeyi, torpaq təyinatı, məhdudiyyət və mühafizə zonaları və s.) daxil edilərək süni intellekt alətləri vasitəsilə hər bir ərizənin avtomatik hüquqi-texniki ekspertizası aparılacaqdır. Ekspertiza nəticəsində hüquqların qeydiyyatı ilə bağlı uyğunluq dərəcəsi müəyyən edilərək bunun əsasında qeydiyyatın aparılması, əlavə yoxlama və ya imtina barədə sistem tərəfindən əsaslandırılmış qərar tövsiyəsi veriləcəkdir. Xüsusilə sözügedən rəqəmsal həllər daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində prosesin tam avtomatlaşmasına şərait yaratmış olacaqdır.

O, bildirib ki, süni intellekt texnologiyalarının tətbiqi hüquqmüəyyənedici sənədlərdə göstərilən texniki göstəricilərlə faktiki ölçmələr və mövcud kadastr məlumatları arasında avtomatik müqayisənin aparılmasına imkan verəcəkdir. Aşkar edilən uyğunsuzluqlar barədə elektron bildiriş qeydiyyat və kadastr əməliyyatlarını aparan vəzifəli şəxslərə əlavə yoxlama üçün yönləndiriləcək və ya sənədi təqdim edən quruma və ya şəxsə rəsmi elektron üsulla təqdim ediləcəkdir. Bu yanaşma məlumatların dəqiqliyinin artırılmasına və kadastr uçotunda sistemli səhvlərin qarşısının alınmasına xidmət edəcəkdir.

Həmsöhbətimin sözlərinə görə, məlumatların bütövlüyünün qorunması məqsədilə ziddiyyətli və məntiqi cəhətdən uyğun olmayan məlumatlar əsasında qeydiyyatın aparılması sistem tərəfindən avtomatik istisna ediləcəkdir. Qeydiyyat yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra mümkün olacaqdır ki, bu da məlumat keyfiyyətinə və hüquqi təhlükəsizliyə mühüm töhfə verəcəkdir.

Rəşad Əbləsənov vurğulayıb ki,  süni intellekt texnologiyalarının tətbiqi daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahəsində müasir, şəffaf və etibarlı idarəetmə modelinin formalaşdırılmasına imkan verəcəkdir. Bu yanaşma beynəlxalq standartlara uyğun olmaqla yanaşı, hüquqi uyğunluğun təmin edilməsinə, əməliyyat səmərəliliyinin artırılmasına və institusional risklərin azaldılmasına xidmət edəcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”