15 iyun 2026 18:49
145

Azərbaycanın inkişaf strategiyası bütün regionun tərəqqəsinə töhfə verir - Malik Asif Tanveer

Azərbaycanın inkişaf strategiyası bütün regionun tərəqqəsinə töhfə verir

Bu sözləri “İki sahil”ə özəl açıqlamasında Şuşada təşkil olunan “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfransda iştirak edən Pakistan Müsəlman İnstitutunun və Azərbaycan-Pakistan Qardaşlıq Təşkilatının nümayəndəsi Malik Asif Tanveer bildirdi.

Malik Asif Tanveer Yeni Azərbaycan Partiyasının təşkil etdiyi bu mühüm və uğurlu konfrans münasibətilə təşkilatçılara səmimi qəlbdən təbriklərini çatdırdı: “Bu gün, eyni zamanda, Azərbaycanın Milli Qurtuluş Günüdür. Təşkilatımızın sədri, Zati-aliləri Sahibzada Sultan Əhməd Əlinin adından bütün azərbaycanlı bacı və qardaşlarımızı bu əlamətdar bayram münasibətilə ürəkdən təbrik edirik.

Bu konfrans Qafqazın inkişafı, tərəqqisi və gələcək əməkdaşlığı baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanın Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin liderliyi və uzaqgörən siyasəti bu gün təkcə Cənubi Qafqazın deyil, bütövlükdə regionun rifahına və inkişafına mühüm töhfələr verir.

Konfransın əsas mövzuları inkişaf, əməkdaşlıq və regional əlaqələrin gücləndirilməsidir. Regional əlaqələr dedikdə yalnız yolları, boru kəmərlərini və ya dəmir yolu xətlərini nəzərdə tutmuruq. Buraya akademik əməkdaşlıq, mədəni əlaqələr və intellektual mübadilə də daxildir.”

Həmsöhbətimizin sözlərinə görə, belə əməkdaşlıq xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır: “İnsanların düşüncələrini, dəyərlərini, tarixini və mədəniyyətini daha yaxşı anlamaqla daha səmərəli və davamlı əməkdaşlıq qurmaq mümkündür.”

Qonağımız Azərbaycanı və onun zəngin mətbəxini çox sevdiyini də vurğuladı: “Xüsusilə dolma, piti, mürəbbə, şəkərbura kimi milli təamlarınız böyük rəğbət qazanıb. Azərbaycanın mədəni irsi və xüsusilə Şuşa şəhəri olduqca gözəldir. Bir daha bütün Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edir, ölkənizə davamlı inkişaf və firavanlıq arzulayırıq. Azərbaycan-Pakistan dostluğu daim yaşasın!”

Şahnigar Əhmədova, “İki sahil”
Şuşa