19 iyun 2026 12:00
79

Tamaşaçıların sayı niyə getdikcə azalır?

Ölkəmizdə 2025-ci ildə dövlət teatrlarına 412,6 min nəfər tamaşaçı gəlib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə azdır. Belə ki 2024-cü ildə 29 dövlət teatrına gələn tamaşaçı sayı 419 min olub. Həmçinin qeyd edilib ki, 2025-ci ildə 3518 tamaşa nümayiş olunub və onlardan da 39-u yeni quruluşda olub.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov mövzu ilə bağlı “İki sahil”ə bildirdi ki, bu, dünən başlamış dinamika deyil: “2023-cü ildə ölkəmizdə teatr tamaşalarına 430 min, 2024-cü ildə 419 min, 2025-ci ildə 412,6 min tamaşaçının baxması faktı da mənfi dinamıkanı təsdiqləyir. Amma müqayisə üçün deyim ki, 1991-ci ildə Azərbaycanda teatr tamaşaçılarının sayı 1 milyon 584 min nəfər olub. Yəni, hər min nəfərdən 218 nəfər teatra gedib. 2025-ci ildə isə bu rəqəm təxminən 41 nəfər civarındadır. Halbuki hazırda ölkəmizdə 29 teatr mövcud olduğu halda, 1991-ci ildə cəmi 20 teatr fəaliyyət göstərib və ölkə əhalisinin sayı da indikindən təxminən 3 milyon az olub”.

V. Qafarovun fikrincə, bu nəticəyə gəlib çıxmağımızın çoxlu – iqtisadi, sosial, mədəni, psixoloji və s. səbəbləri var: “Cəmiyyətdə bu gün asudə vaxtın təşkili mədəniyyəti çox aşağı səviyyəyə düşüb ki, bu da çoxlu obyektiv və subyektiv səbəblərdən irəli gəlir. Gəlin baxaq, bu gün ölkə əhalisinin, yəni potensial tamaşaçının vəziyyəti necədir, nə ilə məşğul olur? Təsəvvür edin, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin birinci rübündə 8 min 203 nikaha daxilolma və 4 min 614 boşanma halı qeydə alınıb. Bildirilib ki, göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4.4-dən 3.2-yə enib. Boşanmaların sayı isə 1.9-dan 1.8-ə düşüb. Lakin bu rəqəmlərin son bir illə müqayisəsi bizi aldatmasın. Boşanmaların sayı azalsa da burada sevindirici heç nə yoxdur. Çünki 2022-ci ildə 15 min 983 boşanma olduğu halda, 2025-ci ildə bu rəqəm 20 min 675 olub. Yəni, 3 il ərzində boşanmalrın sayı 5 mindən çox artıb. Fakt budur! Və ya 2022-ci ildə 61 min 939 nikah baş tutubsa, 2025-ci ildə 48 min 546 nikah qeydə alınıb. Yəni, 3 il ərzində nikahların sayı 13 mindən çox azalıb. El dilində desək, xoşbəxt olanların sayı azalıb, bədbəxt olanların sayı artıb”.

Müsahibimiz, həmçinin bildirdi ki, bu gün ölkə əhalisinin, yəni potensial tamaşaçının böyük hissəsinin başı bu və ya diğər formada imtahana qarışıb: “İmtahan, attestasiya, sertifikasiya ölkənin gündəmini, insanların həyatını zəbt edib. Müəllimlər, həkimlər, sürücülər, şagirdlər, tələbələr, doktorantlar, dissertantlar və s. ordusu ya imtahana hazırlarşır, ya da imtahan verir, özü də bir dəfə yox, bir neçə dəfə! Bu gün artıq uşaq bağçalarına, ibtidadi siniflərə, uşaq musiqi və incəsənət məktəblərinə də qəbul imtahanla həyata keçirilir. Bir nəfərin imtahan verməsi isə bir ailənin imtahanda həm maddi, həm mənəvi, həm də psixoloji iştirakı, stress keçirməsi deməkdir. İndi görün nə qədər insan və ildə neçə dəfə imtahan həyəcanı yaşayır, stress keçirir.

V. Qafarov daha sonra vurğuladı ki, tamaşaçı sayının azalması səbəbləri sırasında sözsüz ki, teatrların yaradıcı və təşkilati problemləri xüsusi yer tutur: “Burada da dinamika ürəkaçan deyil. Əgər 2024-cü ildə teatrlarda 3764 tamaşa oynanılıbsa, 2025-ci ildə bu rəqəm 3518 olub. 2024-cü ildə 50 yeni tamaşa hazırlandığı halda, 2025-ci ildə tamaşaçılara cəmi 39 yeni quruluş təqdim edilib. Sözsüz ki, biz hələ tamaşaların bədii səviyyəsinə toxunmuruq. Çünki bu, ayrı mövzudur. Rəqəmlər isə özü-özlüyündə bir çox həqiqətləri ifadə edir. Nümayiş olunan tamaşaların ümumi sayının və yeni tamaşaların sayının azalması ciddi və biri-bir ilə bağlı məsələdir. Bunun üçün həm teatrlarda bir sıra yaradıcı-təşkilati məsələlərin, həm də dramaturgiya probleminin üzərində işləmək lazımdır.

İnanır və ümid edirik ki, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan mədəniyyəti-2040” konsepsiyası çərçivəsində həyata keçirilən tədbirlər və son il ərzində teatr müəssisələrində aparılan struktur dəyişiklikləri sadaladığımız problemlərin həllinə və milli teatrın inkişafına öz töhfəsini verəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”