19 iyun 2026 12:57
104

Məqsədimiz gənclərdə şəhər mühitinə, memarlıq irsinə və dayanıqlı inkişaf prinsiplərinə daha məsuliyyətli münasibət formalaşdırmaqdır - MÜSAHİBƏ

Nuranə Rzayeva: Hesab edirik ki, bu cür layihələr gənclərin yalnız maariflənməsinə deyil, həm də yaşadıqları mühitin inkişafında daha fəal və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına mühüm töhfə verir

Qloballaşma və sürətli urbanizasiya şəraitində şəhərsalma və memarlıq məsələləri yalnız fiziki məkanın təşkili ilə məhdudlaşmır, eyni zamanda, sosial, iqtisadi və ekoloji inkişafın mühüm komponentlərindən biri kimi çıxış edir. Bu baxımdan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən təşəbbüslər ölkədə müasir urban inkişaf yanaşmalarının təşviqi, dayanıqlı şəhər mühitinin formalaşdırılması və ictimai iştirakçılığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən proseslərdə gənclərin yalnız iştirakçı qismində deyil, həm də ideya və təşəbbüs müəllifi kimi çıxış etməsi gələcəyin şəhərlərinin formalaşdırılmasında mühüm amil hesab olunur. Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr, gənclərin potensialının üzə çıxarılması və onların şəhərsalma proseslərinə töhfəsinin artırılması məqsədi daşıyır.

Mövzu ilə bağlı suallarımızı Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayevaya ünvanladıq.

- ”Şəhərsalma və memarlıq İli ” çərçivəsində həyata keçirilən fəaliyyətlərin konseptual əsasları nələrdir və bu yanaşma ölkənin urban inkişaf strategiyası ilə necə uzlaşır?

- Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması şəhərsalma, memarlıq və mədəni irsin qorunması istiqamətində həyata keçirilən fəaliyyətlərin daha da genişlənməsinə şərait yaradıb. Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq biz də bu istiqamətdə fəaliyyətlərimizi gənclərin maarifləndirilməsi, şəhərsalma mədəniyyətinin təşviqi, tarixi-mədəni irsin təbliği və dayanıqlı inkişaf prinsiplərinin aşılanması üzərində qurmuşuq.  İlin əvvəlində keçirilən görüşlərdə gənclərin fikir və təklifləri dinlənilib, onların
rəyləri əsasında ilboyu həyata keçiriləcək fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib. Sonrakı mərhələdə Bakı və regionlarda forumlar, seminarlar, konfranslar, sərgilər, infoturlar, intellektual yarışlar və maarifləndirici görüşlər təşkil olunub. Bu fəaliyyətlər ölkədə həyata keçirilən müasir şəhərsalma siyasəti, tarixi irsin qorunması və dayanıqlı şəhər inkişafı hədəfləri ilə uzlaşaraq gənclərin bu proseslərə daha yaxından cəlb edilməsinə xidmət edir.

İl ərzində təşkil olunan seminarlar, sərgilər, infoturlar, ekskursiyalar, intellektual yarışlar və maarifləndirici görüşlər vasitəsilə gənclər Azərbaycanın memarlıq irsi, şəhərsalma ənənələri və müasir urban inkişaf yanaşmaları haqqında geniş məlumat əldə ediblər 

-GİKM-in təşkil etdiyi tədbirlərdə gənclərin şəhərsalma prosesinə yalnız iştirakçı deyil, həm də ideya generatoru kimi cəlb olunması hansı mexanizmlərlə təmin edilir? 

-GİKM-in əsas yanaşmalarından biri gəncləri sadəcə dinləyici kimi deyil, aktiv iştirakçı və təşəbbüs sahibi kimi proseslərə cəlb etməkdir. Bu məqsədlə keçirilən tədbirlərdə interaktiv müzakirələr, açıq dialoq sessiyaları, sual-cavab platformaları və təqdimatlar təşkil olunub.
Keçirilən görüşlərdə gənclər şəhərsalma sahəsində onları maraqlandıran sualları səsləndirilib, təklif və fikirlərini bölüşüblər. Forumlar və müzakirə platformaları isə gənclərin şəhərlərin gələcəyi, ictimai məkanların inkişafı, ekoloji problemlər və urban həllərlə bağlı ideyalarını paylaşmaları üçün mühüm imkan yaradıb.

-Gənclərin memarlıq və şəhərsalma sahəsində kompetensiyalarının inkişafı üçün tətbiq edilən qeyri-formal təhsil modelləri nə dərəcədə effektivdir?

-Qeyri-formal təhsil metodları gənclərin memarlıq və şəhərsalma sahəsində bilik və bacarıqlarının inkişafında effektiv vasitələrdən biridir. GİKM tərəfindən təşkil olunan forumlar, seminarlar, ekspert görüşləri, infoturlar iştirakçıların həm nəzəri biliklərini artırır, həm də onların analitik düşünmə, araşdırma aparma, təqdimat hazırlama və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirir. Bu fəaliyyətlər gənclərin şəhərsalma və memarlıq sahəsinə marağını artırmaqla yanaşı, onların peşəkar istiqamət seçiminə və gələcək karyera planlamasına da müsbət təsir göstərir. Tədbirlərdə müşahidə
olunan yüksək iştirakçılıq və gənclərin fəallığı bu yanaşmanın effektiv olduğunu göstərir.

-Dayanıqlı şəhər inkişafı, yaşıl məkanların planlanması və ekoloji urbanizm istiqamətində gənclərin verdiyi ideyalar real layihələrə inteqrasiya olunurmu?

-Dayanıqlı inkişaf və ekoloji məsuliyyət “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən fəaliyyətlərin əsas istiqamətlərindən biridir. Bu məqsədlə ekoloji maarifləndirmə tədbirləri, təlimlər, ictimai müzakirələr və ekoloji aksiyalar təşkil olunub. “Müasir şəhərsalma və ekoloji problemlər: Gənclərin rolu” mövzusunda keçirilən təlimlərdə iştirakçılar şəhərlərin ekoloji problemləri və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar. Bu fəaliyyətlər vasitəsilə gənclərin ideyaları ictimai müzakirələrin bir hissəsinə çevrilir və aidiyyəti tərəflərlə paylaşılır.

- Gənclərin təqdim etdiyi layihə və ideyaların dövlət və özəl sektor tərəfindəndəyərləndirilməsi və tətbiqi üçün hansı institusional əməkdaşlıq mexanizmləri mövcuddur?

-GİKM müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri, mədəniyyət qurumları, yerli icra hakimiyyətləri və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu əməkdaşlıqlar gənclərin ideyalarının daha geniş auditoriyaya təqdim olunmasına və mütəxəssislər tərəfindən qiymətləndirilməsinə imkan yaradır. Müxtəlif şəhər və rayonlarda yerli qurumlarla əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərdə şəhərsalma və memarlıq sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı gənclərlə peşəkarlar arasında birbaşa dialoqun qurulmasına şərait yaradıb. “Gənc memarlar üçün karyera imkanları” forumu da bu əməkdaşlığın uğurlu nümunələrindən biri olub. Forum çərçivəsində keçirilən “Əmək bazarı və gənc memarlar: imkanlar və çağırışlar” mövzusunda panel müzakirəsində iştirakçıların əmək bazarının tələbləri, karyera imkanları və peşəkar inkişaf yolları barədə məlumat əldə etməsinə şərait yaradılıb. Həmçinin gənclər, ekspertlərə suallarını ünvanlayıb, layihə və ideyalarını təqdim etmək imkanı əldə ediblər.

-Bu təşəbbüslərin uzunmüddətli perspektivdə Azərbaycanın şəhərsalma mədəniyyətinə və gənclərin peşəkar inkişafına verəcəyi strateji töhfələr nələrdir?

-GİKM tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən fəaliyyətlərin əsas strateji məqsədi gənclərdə şəhər mühitinə, memarlıq irsinə və dayanıqlı inkişaf prinsiplərinə daha məsuliyyətli münasibət formalaşdırmaqdır. İl ərzində təşkil olunan seminarlar, sərgilər, infoturlar, ekskursiyalar, intellektual yarışlar və maarifləndirici görüşlər vasitəsilə gənclər Azərbaycanın memarlıq irsi, şəhərsalma ənənələri və müasir urban inkişaf yanaşmaları haqqında geniş məlumat əldə ediblər. Xüsusilə tarixi abidələrə təşkil olunan infoturlar, muzey ziyarətləri, memarlıq irsinə həsr edilmiş sərgilər və “Şəhərsalma siyasətində tarixi abidələrin inteqrasiyası: davamlı inkişaf və mədəni irsin qorunması” kimi mövzularda keçirilən seminarlar gənclərin milli-mədəni irsin qorunmasına marağını artırıb. Bu fəaliyyətlər gənclərdə yaşadıqları şəhər və regionlara bağlılıq hissinin güclənməsinə, ictimai məkanlara və tarixi abidələrə daha həssas yanaşmanın formalaşmasına töhfə verir. Bununla yanaşı, müxtəlif regionlarda həyata keçirilən görüşlər gənclərin şəhərsalma və memarlıq sahəsində biliklərə çıxış imkanlarını genişləndirib, onların ekspertlərlə ünsiyyət qurmasına və yeni bacarıqlar əldə etməsinə şərait yaradıb. Bu proses gələcəkdə memarlıq, şəhərsalma, inşaat, urban planlaşdırma və mədəni irsin qorunması sahələrinə maraq göstərən gənclərin sayının artmasına müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə bu təşəbbüslər şəhərsalma mədəniyyətinin inkişafına, memarlıq irsinin qorunmasına, ictimai iştirakçılığın güclənməsinə və ölkənin gələcək urban inkişafında fəal rol oynayacaq peşəkar, innovativ və məsuliyyətli gənc nəslin formalaşmasına mühüm töhfə verəcək.

-GİKM-in bu istiqamətdə növbəti dövr üçün əsas hədəfləri və planları nələrdir? 

-GİKM olaraq bu istiqamətdə əsas məqsədimiz gənclərin potensialını üzə çıxarmaq, onların şəxsi və peşəkar inkişafını dəstəkləmək, eyni zamanda cəmiyyətin inkişafında fəal iştirak edən məsuliyyətli və təşəbbüskar gənclərin formalaşmasına töhfə verməkdir.
2026-cı ilin ilk yarısında 20 şəhər və rayonda 2000-ə yaxın gənc bu istiqamətdə fəaliyyətlərə cəlb olunub. İlin ikinci yarısında da şəhərsalma, memarlıq irsi, mədəni irsin qorunması kimi mövzuları əhatə edən tədbirlərin Bakı və regionlarda davam etdirilməsi nəzərdə tutulur. Gənclərin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, eləcə də onların sahənin mütəxəssisləri ilə bir araya gəlməsi üçün infoturlar, ekskursiyalar, görüşlər, təlimlər və digər maarifləndirici fəaliyyətlərin təşkili planlaşdırılır. Eyni zamanda •, fəaliyyətlərimizin əhatə dairəsini daha da genişləndirməyi, daha çox  gənci bu təşəbbüslərə cəlb etməyi və onların öz regionun inkişafında aktiv rol almalarını təşviq etməyi hədəfləyirik. Hesab edirik ki, bu cür layihələr gənclərin yalnız maariflənməsinə deyil, həm də yaşadıqları mühitin inkişafında daha fəal və məsuliyyətli vətəndaşlar kimi formalaşmasına mühüm töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”