24 iyun 2026 19:19
92

İslamofobiya: Qlobal təhlükəsizlik və dinc birgəyaşayışa qarşı böyüyən təhdid

Fərqli mədəniyyətlərin bir-biri ilə inteqrasiyasının qaçılmaz olduğu qloballaşan dünyada islamofobiya dialoq körpülərini dağıdaraq cəmiyyətlər arasında süni divarlar ucaldır

Müasir dünyada insan hüquqları, tolerantlıq və multikulturalizm prinsipləri beynəlxalq nizamın əsas sütunları kimi bəyan edilsə də, etnik və dini zəmində artan dözümsüzlük bu dəyərləri ciddi şəkildə sarsıdır. Bu mənfi tendensiyaların önündə gedən fenomenlərdən biri də islamofobiyadır. Bu gün islamofobiyanı sadəcə müsəlman fərdlərə və ya icmalara qarşı fərdi dözümsüzlük aktı kimi qiymətləndirmək hadisənin miqyasını kiçiltmək olardı. Reallıq budur ki, islamofobiya - sivilizasiyalararası dialoqa, qarşılıqlı anlaşmaya və qlobal dinc birgəyaşayışa birbaşa təhdid yaradan sistemli və təhlükəli geosiyasi tendensiyadır. Mənası "İslam qorxusu" anlamına gələn islamofobiya, XXI əsrdə sadəcə psixoloji bir fobiya olmaqdan çıxıb, ideoloji və siyasi bir alətə çevrilmişdir. Bu fenomen özünü bir neçə müstəvidə büruzə verir. Xüsusilə Qərb ölkələrində bəzi sağçı və populist siyasi partiyalar islamofobiyanı seçki kampaniyalarının əsas tezisinə çevirərək səs toplamaq mexanizmi kimi istifadə edirlər. Media və informasiya məkanında müsəlmanların marginal qruplarla eyniləşdirilməsi, mənfi stereotiplərin tirajlanması və "daxili düşmən" obrazının yaradılması da bu tendensiyaların sırasındadır. Hüquqi müstəvidə isə Müsəlmanların dini ayinlərini icra etməsinə, geyim azadlığına və ibadətgahların tikintisinə qoyulan qeyri-rəsmi və ya rəsmi məhdudiyyətləri qeyd edə bilərik. Bu amillər göstərir ki, islamofobiya yalnız fərdlərin emosional reaksiyası deyil, cəmiyyətləri daxildən parçalayan təşkilatlanmış bir nifrət formasıdır. Mədəniyyətlər bir-birini tanımaq və anlamaq əvəzinə, qorxu və şübhə prizmasından baxmağa başladıqda, beynəlxalq humanitar əməkdaşlıq iflic olur. Qarşılıqlı anlaşmanın olmadığı yerdə isə ortaq qlobal problemlərə (iqlim dəyişikliyi, yoxsulluq, epidemiya və s.) qarşı birgə mübarizə aparmaq qeyri-mümkünləşir. Müqəddəs kitabların (Qurani-Kərimin) yandırılması, məscidlərə hücumlar və dini simvolların təhqir olunması sadəcə "ifadə azadlığı" bəhanəsi ilə ört-basdır edilə bilməz. Bu aktlar birbaşa olaraq sosial sülhü hədəf alan provokasiyalardır.

Bu mövzunun təhlilində multikulturalizm prinsiplərini dövlət siyasəti kimi qəbul edən Azərbaycanın mövqeyi xüsusi qeyd edilməlidir. Bakı uzun illərdir ki, islamofobiya və dini dözümsüzlüyün hər hansı formasına qarşı beynəlxalq platformalarda səsini ucaldan əsas mərkəzlərdən biridir. Ölkəmiz həm İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü kimi, həm də "Bakı Prosesi" çərçivəsində sivilizasiyalararası dialoqun rəhbəri qismində çıxış edərək bəyan edir ki, islamofobiya ilə mübarizə yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin vəzifəsidir. Ölkəmizdə keçirilən beynəlxalq islamofobiya konfransları bu problemin elmi, siyasi və sosioloji aspektlərini dünyaya çatdırmaq üçün mühüm platformadır.

İyunun 24-ü Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətində Prezident İlham Əliyev bildirib ki, bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb: “Müqəddəs kitabımız "Qurani-Kərim"in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir".

İslamofobiya ilə mübarizəyə beynəlxalq diqqətin daha da artırılması məqsədilə ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların təşkil edildiyini diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan və dünyada milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilmişdir: “Biz İslamın həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir, mütəmadi olaraq İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edirik. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüşdür. 2017-ci ildə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir”.

Prezident İlham Əliyevin sözlərinə görə, 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün ölkəmiz əlindən gələni əsirgəməyəcək.

Sevinc Azadi, “İki sahil”