Müasir dünyada hər bir müstəqil dövlətin varlığının, suverenliyinin və ərazi bütövlüyünün ən başlıca təminatçısı onun Silahlı Qüvvələridir. Ulu Öndər Heydər Əliyevin rəşadətli kadr siyasəti ilə əsası qoyulan və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəqibsiz bir gücə çevrilən Azərbaycan Ordusu dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Bir deputat və vətəndaş olaraq fəxrlə deyə bilərəm ki, silahlı qüvvələrimizin inkişaf tarixi bütövlükdə Ümummilli Liderin adı və onun uzaqgörən strateji kursu ilə bağlıdır.
Azərbaycanda milli hərbi kadrların hazırlanması prosesi Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən dərhal sonra start götürdü. Sovet rejiminin sərt qadağalarına rəğmən, dahi rəhbər 1971-ci ildə böyük zəhmətlər bahasına respublikamızda görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Məhz bu tarixi addım azərbaycanlı gənclərin hərb sənətinə marağını artırdı, Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər nüfuzlu hərbi müəssisələrində güzəştli şərtlərlə təhsil almasını təmin etdi.
90-cı illərin əvvəllərində müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif siyasi qüvvələrə tabe olan başıpozuq silahlı dəstələr torpaqlarımızın işğalına zəmin yaradırdı. 1993-cü ildə xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə bu pərakəndəliyi ləğv etdi və vahid komandanlığa tabe olan nizami ordu quruculuğuna başladı.
1994-cü il mayın 12-də atəşkəs müqaviləsi imzalandıqdan sonra proses daha da sürətləndi. Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun – Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu. Ulu Öndərin 1999-cu ildə Hərbi Akademiyanı təsis etməsi və 2001-ci ildə ixtisaslaşdırılmış hərbi məktəbləri yenidən qurması milli peşəkar kadr korpusunun formalaşmasında keyfiyyətcə yeni mərhələ oldu. Eyni zamanda, 1990-cı illərin ortalarından NATO-nun proqramlarına fəal qoşulma ordumuzun beynəlxalq standartlara uyğun modernləşməsini təmin etdi.
Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi gücümüzü sarsılmaz bir qüdrət səviyyəsinə qaldırdı. Həyata keçirilən effektiv siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu nüfuzlu “Global Fire Power” reytinqində Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında qərarlaşdı.
Bu gün dövlətimizin iqtisadi müstəqilliyi birbaşa müdafiə qabiliyyətimizin artmasına yönəldilir. Ali Baş Komandanın vədinə sadiqliyinin göstəricisi olaraq hərbi büdcəmiz durmadan artır. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılmışdı. Cari 2026-cı ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik xərclərinə rekord həcmdə – 8 milyard 714,8 milyon manat vəsait yönəldilmişdir. Bu maliyyə təminatı həm ən müasir texnikanın alınmasına, həm də hərbçilərin rifahına xidmət edir. 20 il qüsursuz xidmət etmiş 4167 hərbi qulluqçu dövlət hesabına mənzillə təmin olunmuş, maaşlar durmadan artırılmış və hərbi qulluqçuların sosial müdafiəsi dövlətin ali diqqət mərkəzində saxlanılmışdır. Məhz bu sistemli hazırlıq, yüksək döyüş ruhu və vətənpərvərlik ordumuzu addım-addım böyük Qələbəyə apardı. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun hücum potensialını və strateji üstünlüyünü bütün dünyaya nümayiş etdirdi.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Azərbaycan Ordusu bir dənə də olsun fərarilik halı qeydə alınmadan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadət dastanı yazdı. Noyabrın 10-da düşmən kapitulyasiya bəyanatını imzalamağa məcbur oldu.
Qazanılmış təcrübə əsasında ordumuzda daha çevik və çətin şəraitlərdə vuruşmağa qadir olan Komando Qüvvələri və yeni Komando briqadaları yaradıldı. Bu xüsusi hazırlıqlı birləşmələr “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında ən mürəkkəb antiterror əməliyyatlarını icra etmək iqtidarındadırlar. Məhz bu yüksək peşəkarlıq sayəsində 2023-cü il sentyabrın 19-da keçirilən və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağdakı separatçı xunta rejiminin varlığına son qoyuldu, dövlət suverenliyimiz bütövlükdə bərpa edildi. Bu gün ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi taktikalarını dünya hərb tarixində yenilik kimi dərsliklərə salaraq öyrənirlər.
Bu gün Azərbaycanın xarici və hərbi strategiyası milli maraqlarımız çərçivəsində tərəfdaşlarla – xüsusilə Türkiyə, Pakistan, İsrail və digər dost ölkələrlə sıx əməkdaşlıq üzərində qurulub. Tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə hərbi tərəfdaşlığı regionda sabitliyin ən böyük qarantıdır.
Biz bu gün həm də tarixi yaddaşımızı əbədiləşdiririk. Şanlı Qələbəmizin simvolu olaraq Bakıda açılan Zəfər muzeyi, Zəfər parkı və Zəfər tağı şəhidlərimizin əziz xatirəsini və ordumuzun qəhrəmanlığını gələcək nəsillərə ötürən canlı tarix abidəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”.
Anar MƏMMƏDOV, Milli Məclisin deputatı