Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu istiqamətində aparılan islahatları daha geniş sahədə davam etdirən, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqəti sayəsində ölkəmizin müdafiə qüdrəti daha da artdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paraddakı çıxışında bu əminliyi ifadə etmişdir: «2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır… Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq».
Dövlətimizin başçısı İlham Əliyevin böyük inamla səsləndirdiyi bu çağırışdan çox keçmədi ki, Azərbaycan xalqı Zəfər sevincini yaşadı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi. 30 illik işğal dövründə Azərbaycan diplomatik mübarizədə üstünlüyünü qorumaqla yanaşı, suverenliyimizin, müstəqilliyimizin qarantı olan ordumuzun daha da güclənməsini, qüdrətlənməsini təmin etdi. Silahlı Qüvvələrimizin döyüş təcrübəsi nəticəsində qazanılan Qələbə Azərbaycanı dünyada hərbi qüdrəti ilə seçilən dövlət kimi tanıtdı.
Bütün bunlar ordu quruculuğu sahəsində qazanılan uğurların nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Ulu Öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir. Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
İllərdən bəri ölkənin müdafiə qüdrətinin daha da gücləndirilməsi istiqamətində görülən işlər, milli ordumuzun ən müasir silahlarla təminatına yönələn diqqət, Azərbaycanın Silahlı Qüvvələrinin gücünün, qüdrətinin təcəssümü olan İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışının da əbədi təsdiqi oldu. Dünyanın aparıcı hərbi məktəblərində xüsusi əməliyyatlar kimi tarixə düşən Azərbaycanın döyüş təcrübəsi öyrənilir, təhlil olunur. Prezident İlham Əliyev bildirir ki, ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri