Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin strateji mahiyyət daşıdığını və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bir daha təsdiqlədi.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir: “Xəzər hövzəsində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat-kommunikasiya layihələri və ticarət əlaqələrinin genişləndirilməsi təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi və siyasi sabitliyinə xidmət edir. Bu baxımdan Bakı ilə Aşqabad arasında formalaşan əməkdaşlıq modeli qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və uzunmüddətli strateji baxışa əsaslanan nümunəvi münasibətlər sistemidir. Azərbaycan və Türkmənistan Liderləri arasında mövcud olan səmimi münasibətlər və yüksək səviyyəli siyasi dialoq iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə, yeni təşəbbüslərin həyata keçirilməsinə və strateji tərəfdaşlığın möhkəmlənməsinə etibarlı zəmin yaradır.”
S. Məmmədov bildirib ki, səfər çərçivəsində cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan-Türkmənistan münasibətlərinin gələcək inkişaf prioritetlərini və əməkdaşlığın perspektiv istiqamətlərini aydın şəkildə ortaya qoydu: “Dövlət Başçısının mətbuata bəyanatında səsləndirdiyi fikirlər, Azərbaycan və Türkmənistan arasında münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu və bu əlaqələrin hər iki xalqın maraqlarına xidmət edən konkret nəticələr verdiyini təsdiqlədi. Xüsusilə nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, Xəzər regionunda əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və humanitar münasibətlərin inkişafı ilə bağlı verilən mesajlar gələcəyə hesablanmış strateji baxışın ifadəsidir. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha göstərdi ki, Azərbaycan xarici siyasətdə etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiqdir. Bu yanaşma ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, regionda uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin olunmasına da xidmət edir.”