28 iyun 2026 19:54
94

Polşada rekord istilər: iyun ayı üçün tarixi maksimum yeniləndi

Polşada davam edən anomal istilər səbəbindən iyun ayının yeni temperatur rekordu qeydə alınıb.

“İki sahil” xəbər verir ki, ölkənin ictimai yayımçısı "TVP World"ün məlumatına görə, iyunun 27-də Almaniya ilə sərhəddə yerləşən Slubits şəhərində termometrlər 38,9 dərəcə Selsini göstərib. Bu, Polşada iyun ayında indiyə qədər qeydə alınan ən yüksək temperatur kimi tarixə düşüb.

Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutu (IMGW) bu göstəricinin iyun ayı üçün əvvəlki 38,3 dərəcəlik rekordu geridə qoyduğunu təsdiqləyib.

Qeyd edək ki, iyun ayının əvvəlki rekordları 2019-cu ildə Tsebr və Radzin şəhərlərində, 2022-ci ildə isə yenə Slubitsdə qeydə alınmışdı. Meteoroloqlar isti dalğasının bu gün və sabah pik həddə çatacağını, ölkənin qərb bölgələrində temperaturun 42 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar. Əgər bu proqnozlar gerçəkləşərsə, Polşa tarixində mütləq temperatur rekordu yenilənə bilər.

Ölkə tarixinin ən yüksək temperaturu 29 iyul 1921-ci ildə Proşkov şəhərində 40,2 dərəcə Selsi olaraq ölçülüb. Yaranmış vəziyyətlə bağlı rəsmi qurumlar əhaliyə xəbərdarlıq edib. Vətəndaşlara günün ən isti saatlarında birbaşa günəş şüalarından qorunmaq, bol maye qəbul etmək, yaşlılar və uşaqlar üçün əlavə təhlükəsizlik tədbirləri görmək tövsiyə olunur.