29 iyun 2026 11:31
110

Kallasın rəhbərlik etdiyi strukturun zəiflədilməsinin arxasında Ursula fon der Lyayen dayanır?

Avropa Komissiyasının (AK) bir çox yüksək rütbəli məmuru Kaya Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin tamamilə ləğv edilməsi ideyasını dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bu barədə nüfuzlu "Politico" nəşri məlumat yayıb.

Nəşrin jurnalistləri qeyd edirlər ki, hazırda fəaliyyətdə olan və keçmiş on avropalı məmur və diplomat bu xidmətin dərin bir böhran içində olduğunu düşünür: "Avropa İttifaqı daxilində Avropa Xarici Fəaliyyət Xidmətini tamamilə buraxmaq və ləğv etmək istəyən kifayət qədər nüfuzlu bir qrup formalaşıb."

Bu iddialardan bir qədər əvvəl İspaniyanın "El País" qəzeti də Brüsseldəki daxili siyasi çəkişmələrə diqqət çəkmişdi. Qəzet yazır ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında rəqabət getdikcə daha da kəskin xarakter alır.

Almaniyalı politoloq Aleksandr Rar isə hesab edir ki, fon der Lyayen və Kallas arasındakı bu gizli münaqişə sadəcə şəxsi ambisiyalar deyil, rəsmi Brüsseldə Avropa İttifaqının gələcək inkişafına dair iki fərqli modelin və baxışın toqquşmasının göstəricisidir.

"Euronews" telekanalının təhlilinə görə, Kaya Kallasın rəhbərlik etdiyi strukturun zəiflədilməsi və onun səlahiyyətlərinin məhdudlaşdırılması cəhdlərinin arxasında birbaşa Ursula fon der Lyayenin özü dayana bilər. Komissiya sədrinin xarici siyasət rıçaqlarını tamamilə öz əlində cəmləşdirmək istəyi Brüsselin bürokratik aparatında ciddi parçalanmalara yol açır.