29 iyun 2026 15:46
76

Süni intellekt Almaniyaya işçi qüvvəsi çatışmazlığını kompensasiya etməyə kömək edəcək

Süni intellektin (İİ) tətbiqi Almaniyanın Ümumi Daxili Məhsulunun (ÜDM) illik artımına 0,2-dən 0,7 faiz bəndinədək əlavə töhfə verə bilər. Bu isə növbəti on il ərzində ölkə iqtisadiyyatına əlavə 323 milyard avro qazandırılması deməkdir.

“İki sahil” xəbər verir ki,  bu barədə məlumat verən "Bloomberg" qeyd edir ki, Almaniya əhalinin qocalması və kəskin işçi qüvvəsi çatışmazlığı şəraitində süni intellekt sayəsində iqtisadi artımı necə qoruyub saxlamağın qlobal nümunəsinə çevrilə bilər. Mövcud proqnozlara görə, 2070-ci ilə qədər Almaniyada əmək qabiliyyətli əhali təxminən dörddə bir qədər azalacaq. Belə ki, müxtəlif ssenarilərdən asılı olaraq, hazırkı 51 milyonluq işçi qüvvəsinin 37–45 milyona qədər düşəcəyi gözlənilir.

"Bloomberg Economics"in iqtisadçısı Ana Andrade mövzunu belə şərh edib: "Süni intellekt Almaniyanın iqtisadi artım problemləri üçün ən real həll yolu kimi görünür. Ölkədəki iş yerlərinin 30%-nin, daha qabaqcıl ssenarilərdə isə hətta 60%-nin bu texnologiyanın təsirinə məruz qaldığını nəzərə alsaq, məhsuldarlığı artırmaq üçün nəhəng potensial mövcuddur. Lakin son nəticə tam zəmanətlə deyil."

Almaniyada süni intellekt texnologiyalarının tətbiq dairəsi sürətlə genişlənir. Bundesbank tərəfindən keçirilən sorğu göstərir ki, cari ildə şirkətlərin 56%-i bu növ texnologiyalardan istifadə etmək niyyətindədir (ötən il bu göstərici 44% idi).

"Bitkom" rəqəmsal assosiasiyasının apardığı digər bir sorğunun nəticələrinə görə isə korporasiyaların 31%-i süni intellektin onlara ixtisaslı kadr çatışmazlığını kompensasiya etməkdə birbaşa kömək edəcəyini gözləyir. Hazırda bu texnologiyalar iqtisadiyyatın bir çox sahələrində, xüsusən də kadr qıtlığından daha çox əziyyət çəkən tikinti və səhiyyə sektorlarında aktiv şəkildə inteqrasiya olunmaqdadır.