30 iyun 2026 15:47
111

ABŞ-nin aparıcı texnologiya şirkətlərinin kapitallaşması 2,3 trilyon dollar azalıb

Yüksək texnologiya sektorunun nəhənglərindən ibarət "Möhtəşəm yeddilik" (Nvidia, Meta, Apple, Microsoft, Alphabet, Amazon və Tesla) şirkətlərinin ümumi bazar dəyəri 2,3 trilyon dollardan çox azalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bu kəskin azalma investorların strategiyalarını dəyişmələrinin nəticəsidir. Belə ki, investorlar süni intellekt (İİ) infrastrukturuna yüz milyardlarla vəsait xərcləyən platformalardan imtina edərək, birbaşa bu xərclərdən real gəlir əldə edən çip və digər fiziki avadanlıq istehsalçılarına yönəlməyə başlayıblar.

"Yeddilik" şirkətlərinin göstəriciləri zəiflədiyi bir vaxtda, Filadelfiya Yarımkeçirici İndeksi ilin əvvəlindən bəri 93% sıçrayış edərək 1999-cu ildən bəri ən yaxşı nəticəsini nümayiş etdirib. Fiziki komponentlərin tədarükü ilə məşğul olan şirkətlərin səhmlərində kəskin artım müşahidə olunur: Micron, Intel və Western Digital şirkətlərinin qiymətli kağızları üç dəfə bahalaşıb. Sandisk şirkəti, ən azı 2028-ci ilə qədər davam edəcəyi gözlənilən yaddaş kartları (mikroçipləri) qıtlığı fonunda 760%-dən çox dəyər qazanıb. Tayvanın TSMC nəhənginin kapitallaşması 2 trilyon dolları ötüb, Niderlandın ASML şirkəti isə 60% bahalaşıb.

Fond menecerləri etiraf edirlər ki, hazırda "Möhtəşəm yeddilik" qrupuna daxil olan bir çox səhmlərdən yayınmağa çalışırlar. Bunun əvəzinə, İİ yarışında gəlirləri sürətlə artan soyutma sistemləri, kabellər və digər köməkçi avadanlıq istehsalçılarına aktiv şəkildə investisiya yatırırlar.