30 iyun 2026 20:18
100

Azərbaycan oxucularına Birinci Türkoloji Qurultaya həsr olunmuş monoqrafiya təqdim edilib

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, nəşr Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, həmçinin tanınmış alimlər – professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin müəllifi olduqları bir monoqrafiyadır.

Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, kitabda Birinci Türkoloji Qurultayın tarixi missiyası hərtərəfli araşdırılıb. Əsərdə qurultayda müzakirə olunan əlifba, dil, terminologiya, etnoqrafiya, orfoqrafiya, ana dilinin tədrisi, regionşünaslıq və ədəbiyyat məsələlərinə xüsusi diqqət yetirilib.

“Bu fundamental əsər cari il mayın 22-də Almatıda Milli Kitabxanada keçirilmiş beynəlxalq təqdimat mərasimində elmi ictimaiyyətə təqdim olunub. Hesab edirəm ki, bu nəşr təkcə tarixi faktlar toplusu deyil, həm də ortaq tariximizin, milli kimliyimizin və ümumtürk həmrəyliyinin ideoloji əsaslarını əks etdirən mühüm elmi mənbədir”, – deyə o vurğulayıb.

Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayevin sözlərinə görə, ötən yüz il ərzində çoxsaylı böyük fəlakətlər və faciələr baş versə də, türkologiya sahəsində tədqiqatlar heç vaxt zəifləməyib və dayanmayıb.

“Kitabın qazax və rus dillərində nəşr olunmuş nüsxələri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də təqdim edilib. O, bu əsərin əhəmiyyətini xüsusi vurğulayaraq bizə belə bir tapşırıq verdi: “Qurultayın 100 illiyinə həsr olunmuş, Bakıda keçirilən bu möhtəşəm və yüksəksəviyyəli “Türk Dünyası Həftəsi”nə getməli və həmçinin mənim mesajımı da orada çatdırmalısınız”, – deyə Malik Otarbayev bildirib.

Qeyd edək ki, kitabda 1926-cı ildə Bakıda keçirilmiş qurultayın tarixi missiyası, onun türk xalqlarının mədəni və elmi inkişafındakı müstəsna rolu, eləcə də etnoqrafiya, orfoqrafiya, terminologiya, əlifba, dil və ədəbiyyat məsələləri dərin elmi təhlil əsasında təqdim olunub.