Alyans ABŞ-ın hərbi dəstəyi azaltmaq planları fonunda daxili müdafiə imkanlarını gücləndirməyə çalışır
NATO rəhbərliyi istismar müddətini başa vurmaqda olan Amerika istehsalı AWACS radar təyyarələri parkını İsveçin "Saab" şirkətinə məxsus "GlobalEye" sistemləri ilə əvəz etmək planlarını açıqlamaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi özünün etibarlı mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, sözügedən strateji qərarın rəsmi olaraq NATO-nun 7–8 iyul tarixlərində Ankarada keçiriləcək sammitində elan edilməsi planlaşdırılır.
"Bloomberg" nəşrinin bir qədər əvvəl yaydığı materiallarda qeyd olunurdu ki, Avropa ölkələri mümkün müharibə və ya qlobal böhran zamanı ABŞ-ın NATO müttəfiqlərinə göstərə biləcəyi hərbi yardımın həcminin ciddi şəkildə azaldılması ssenarisinə hazırlaşırlar. Bura Avropanın alternativini tapmaqda çətinlik çəkəcəyi bəzi xüsusi texnika növləri də daxildir.
"The New York Times" qəzetinin əldə etdiyi məlumatlar da bu tendensiyanı təsdiqləyir. Qəzet yazır ki, Amerika Birləşmiş Ştatları NATO-nun Avropadakı əməliyyatları üçün ayırdığı hərbi təyyarələrin sayını üçdə bir (1/3) nisbətində azaltmağı planlaşdırır. Məhz bu səbəbdən İsveç texnologiyalarına keçid alyansın regional müstəqilliyini təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir.