Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Cənubi Qafqaz Dəmir Yolunun konsessiyasında olan Ermənistan dəmir yolunun idarə edilməsi ilə bağlı Rusiya tərəfi ilə razılaşmalara birtərəfli qaydada yenidən baxmaq niyyətində deyil.
“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə o brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan öz yanaşmalarına yenidən baxmayacaq və əvvəllər bəyan etdiyi mövqelərdən imtina etmir. Bununla yanaşı, Gümrü-Axurik və Yerasx dəmir yolu sahələrinin bərpası üzrə işlərə artıq başlanılıb.
Paşinyan qeyd edib ki, digər istiqamətlər üzrə rusiyalı tərəfdaşlarla müzakirələr davam edir. O vurğulayıb ki, Ermənistan beynəlxalq nəqliyyat marşrutlarının ölkə ərazisindən keçdiyi, lakin ona fayda gətirmədiyi bir vəziyyətə yol verə bilməz.
"Belə bir şey ola bilməz. Unutmaq lazım deyil ki, dəmir yolu bizim mülkiyyətimizdir və o, bizim maraqlarımıza xidmət etməlidir", - baş nazir deyib.