04 iyul 2026 19:00
100

Misir yaxın günlərdə Avropa İttifaqından 1,5 milyard avro maliyyə dəstəyi alacaq

Misir yaxın günlərdə Avropa İttifaqından makromaliyyə dəstəyi paketi çərçivəsində 1,5 milyard avro məbləğində vəsait alacağını gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 1,5 milyard avroluq vəsait 5 milyard avro həcmində makromaliyyə dəstəyi paketinin qalan iki tranşından birincisidir. O qeyd edib ki, qalan 3 milyard avro hər biri 1,5 milyard avro olmaqla iki bərabər tranş şəklində ayrılacaq.

Bədr Əbdülati əlavə edib ki, Qahirə sonuncu tranşın payız fəslinin əvvəlinədək köçürüləcəyinə ümid edir.

Qeyd edək ki, Avropa İttifaqı indiyədək sözügedən paket çərçivəsində Misirə 2 milyard avro vəsait ayırıb. Bunun 1 milyard avrosu 2025-ci ilin yanvarında, digər 1 milyard avrosu isə cari il ərzində köçürülüb.

Misir iqtisadiyyatına makromaliyyə dəstəyi 2024-cü ildə elan edilmiş və ümumi dəyəri 7,4 milyard avro olan daha geniş maliyyə paketinin tərkib hissəsidir. Həmin paketə, həmçinin 5 milyard avro həcmində güzəştli kreditlər daxildir.

Bununla yanaşı, Misirin Beynəlxalq Valyuta Fondundan (IMF) da maliyyə dəstəyi alacağı gözlənilir. Belə ki, Fond Misirə 1,64 milyard ABŞ dolları məbləğində yeni maliyyə dəstəyi göstərməyə ilkin razılıq verib. Bu addım Yaxın Şərqdəki müharibə zamanı Misirin üzləşdiyi iqtisadi problemlərin həllinə dəstək məqsədi daşıyır.