09 iyul 2026 15:36
31

Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti” hazırlanıb.

“İki sahil” xəbər verir ki, yeni nəşrin təqdimatı tədbirində qurumun rəhbər şəxsləri, kitabın rəyçiləri, Nazirlik yanında İctimai şuranın üzvləri də daxil olmaqla müxtəlif ictimai birliklərin nümayəndələri iştirak edib. Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına lüğət haqqında məlumat verib. Bildirib ki, bu nəşr əmək bazarı sahəsində ilk izahlı lüğət kimi mühüm əhəmiyyət daşıyır və sahədə vahid terminoloji bazanın formalaşdırılmasına xidmət edir. Əmək bazarının müxtəlif aspektlərini əhatə edən 4 əsas istiqamət üzrə hazırlanan lüğətdə  Azərbaycan və ingilis dillərində 5500 terminin əsaslı izahı verilib.

Daha sonra lüğətin rəyçilərinin fikirləri dinlənilib. Nazirlik yanında İctimai şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov lüğətin önəmindən bəhs edib. O, yeni lüğətin istər dövlət, istərsə  özəl sektor üçün nəzəri və praktik baxımdan dəyərli mənbə olduğunu vurğulayıb. Digər çıxış edənlər əmək münasibətlərində hüquqi terminlərin dəqiq izahının əmək bazarı iştirakçıları, habelə qeyri-hökumət təşkilatları üçün əhəmiyyətini diqqətə çatdırıblar. Nəşrin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına və terminoloji vahidliyin təmin edilməsinə, bu sahəyə dair müxtəlif terminlərin düzgün anlaşılmasına və onlardan düzgün istifadəyə xidmət edəcəyi, müvafiq sahənin öyrənilməsi ilə məşğul olanlar üçün yol xəritəsi olacağı qeyd edilib.