Dövlətimizin başçısı İlham Əliyev ölkəmizə işgüzar səfər edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatında qeyd etdi ki, bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur
“Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.” Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə ölkəmizdə işgüzar səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatında onu da qeyd etdi ki, bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.
Göründüyü kimi, uğurlu enerji siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik. O ölkə ki, öz öhdəliklərinə hörmət edir. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik. Bu mühüm məqam da xüsusi vurğulanır ki, etibarlılıq vacib amil idi. İkinci amil isə Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında mühüm nəticələrdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə, bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Ölkəmiz özünü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edir. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir.
Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, iyun ayında onun əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb.
Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq yalnız region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki, nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir.
Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır. Dövlətimizin başçısı İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə mətbuata bəyanatında da vurğuladı ki, Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialı, o cümlədən artıq mövcud ötürmə xətləri və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə edildi: “Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik. Mən xanım Prezidentə məlumat verdim ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr bizə növbəti beş və ya altı il ərzində səkkiz giqavat Günəş və külək enerjisini əldə etmək imkanı verəcək. Bunlar yalnız imzalanan müqavilələrə aiddir və öz növbəsində, müqavilə öhdəliyi deməkdir. Lakin birmənalı olaraq, daha çox həcmlər olacaq.”
Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransı bərpaolunan enerji sahəsində malik olduğumuz imkanların təqdimatında öz sözünü dedi. Bu sahəyə investisiyaların qoyulması günümüzün əsas çağırışları sırasındadır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi prioritetdir.
Son illərdə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Məhz bu reallığa söykənərək dövlət başçısı İlham Əliyev bu il ənənəvi keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində bildirdi ki, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.
“Bakı Enerji Həftəsi”ndə bu hədəflər də açıqlandı ki, gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir. “Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik” söyləyən cənab İlham Əliyev vurğuladı ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Ölkəmiz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyir. Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir.
Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strtaegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Enerji layihələrinin uğurlu icrası Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu günbəgün artırır. Həmçinin bu layihələr dünyanın enerji xəritəsinin yenidən tərtib olunmasında əhəmiyyətli rol oynayır.
Hər dövrün öz tələbi, çağırışı vardır. Azərbaycan artıq beş ildən çoxdur ki, tarixi Zəfərimizin reallıqlarını yaşayır. Bu torpaqların malik olduqları potensialdan gələcəkdə səmərəli istifadə etmək üçün Milli Prioritetlər təsdiqləndi. Böyük Qayıdış Proqramı tam tərkibdə reallığa çevrildikdən sonra Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji məkanı kimi dünyanın diqqətində olacaq, böyük investisiyalar məkanına çevriləcək. Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu isə öz növbəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır.
Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycanın tranzit imkanları da əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan həm enerji, nə də nəqliyyat layihələri ilə ölkələri birləşdirir. Avropa Komissiyasının Prezidenti ilə mətbuata bəyanatında cənəb İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.
Avropa Komissiyasının Prezidenti isə qeyd etdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə, Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik. Avropa İttifaqının Cənubi Qafqaz regionunun parlaq gələcəyinə inandığını önə çəkən Ursula Fon der Lyayen bildirdi ki, gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq.
Yeganə Əliyeva, “İki sahil”