12 iyul 2026 14:36
92

Naxçıvanda FHN-ə 6 ayda 32 mindən çox zəng daxil olub

2026-cı ilin yanvar–iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 32 min 126 zəng daxil olub və müraciətlər aidiyyəti üzrə operativ şəkildə yönləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin 2026-cı ilin ilk yarımilliyi üzrə fəaliyyətinə dair məlumatda bildirilib.

Qeyd olunub ki, hesabat dövründə daxil olan çağırışlar əsasında Nazirliyin aidiyyəti qurumları 114 yanğın hadisəsinə müdaxilə edib. Həmçinin 15 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bununla yanaşı, 9 müxtəlif ərazidə aşkar olunan döyüş sursatlarının zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. İntensiv yağıntılar nəticəsində su basmış 12 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib və zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə 1077 obyektdə yoxlamalar aparılıb, 224 obyektdə texniki təhlükəsizliyə əməl olunmasına nəzarət edilib. Eyni zamanda, 423 inzibati və yaşayış binasının zirzəmisində monitorinqlər keçirilib, müxtəlif tikinti obyektlərində ümumilikdə 451 nəzarət tədbiri icra olunub.

Əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində də tədbirlər davam etdirilib. Belə ki, 8 min 37 nəfərin iştirakı ilə silsilə maarifləndirici tədbirlər, seminarlar və məşqlər təşkil olunub.