13 iyul 2026 00:05
89

AQTA Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb

Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

"İlkin məlumata görə, özlərini narahat hiss edən şəxslərə xəstəxanada müvafiq tibbi yardım göstərilib. Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və xəstələr evə buraxılıblar", - məlumatda qeyd olunub.

Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb

Əlavə edilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub. Yoluxucu xəstəliklər şöbəsinin həkimi Firdovsi Məmmədov deyib ki, xəstələrə bütün yardımlar göstərilib.