14 iyul 2026 15:49
150

14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı

Ağdaş rayon İcra Hakimiyyəti və YAP Ağdaş rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı” mövsuzunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və bir qrup partiya fəalı Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Daha sonra tədbir YAP Ağdaş rayon təşkilatının konfrans zalında davam etdirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında vurğulayıb ki, 1969-cu ildən sonra Azərbaycan tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Respublikamızda yüzlərlə iri sənaye müəssisəsi tikildi, kənd təsərrüfatı sürətlə inkişaf etdi, yollar salındı, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları istifadəyə verildi. Tarix göstərdi ki, Heydər Əliyevin 1969-cu ildən başladığı inkişaf strategiyası Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoydu. Ə. Rəcəbov onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyev irsini öyrənmək, dövlətçiliyimizi qorumaq və Vətənə sədaqətlə xidmət etmək hər bir Azərbaycan gəncinin müqəddəs borcudur.

Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova Ulu Öndər Heydər Əliyevin həm Sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqı üçün gördüyü işlərdən geniş bəhs edib. Aynur Novruzova bildirib ki, dahi şəxsiyyətin həyatı Azərbaycan xalqına həsr olunub.

Partiya fəallarından Tarıyel Günəşov, Vəfa Abdullayeva və Esmira Məmmədova çıxışlarında qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edib, bu gün isə Zəfər qazanmış ölkə olaraq dünyada tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti bundan sonra da uğurlara imza atacaq və xalqımızın tərəqqisi təmin ediləcəkdir.

Tədbirinin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.