14 iyul 2026 17:19
76

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

İyulun 14-də Kürdəmirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin hakimiyyətinin hər iki dövrünü əhatə edən videoçarx izlənilib.

Tədbirdə çıxış edən  YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki,  Azərbaycan xalqının müasir inkişaf tarixində 14 iyul 1969-cu il xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada bütün sahələrdə  sürətli inkişaf dövrü başladı. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəbində 15 mindən artıq azərbaycanlı gənc təhsil almış, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmışdı.

Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli bildirib ki,   1969-cu ilin iyul ayının 14-də Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi baş verdi.  Bu tarix xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı oldu. Bu tarixi gün respublikamızın bütün bölgələrində ictimaiyyət tərəfindən Azərbaycanın yeni inkişaf tarixi günü kimi qeyd olunur.  

Tədbirdə YAP Kürdəmir rayom təşkilatı aparatının məsləhətçisi Məhəmməd Heydərli,  Kürdəmir Heydər Əliyev Mərkəzinin direktoru Dürriyyə Seyidova, “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktor müavini Cəmilə Məmmədova,  Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Metodika biblioqrafiya şöbəsinin müdiri Şahnaz Məcidova çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdən bəhs ediblər.