15 iyul 2026 16:26
82

Avropa Komissiyası Ukrayna ilə PUA istehsalına dair saziş imzalayıb

Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələri üçün Avropa ölkələrində pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair Ukrayna tərəfi ilə rəsmi saziş bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ec.europa.eu" saytı məlumat yayıb.

Müqaviləyə əsasən, Aİ özünün təhlükəsiz istehsalat meydançalarını təqdim edəcək, bunun müqabilində isə Ukraynanın pilotsuz texnologiyalar sahəsindəki unikal təcrübə və elmi-texniki nailiyyətlərindən yararlanacaq.

Bu barədə bəyanatla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı keçirdiyi mətbuat konfransında çıxış edib.

"Bizim istehsal sahələrini genişləndirməyə kömək edə biləcək təhlükəsiz və etibarlı sənaye obyektlərimiz var. Lakin bizdə Ukraynanın döyüşlərdə qazandığı o real təcrübə, bilik və praktika yoxdur. Ona görə də mən demək istəyirəm ki, biz güclərimizi birləşdirməliyik", — deyə xanım fon der Lyayen vurğulayıb.

"Euractiv" nəşrinin daha əvvəl yaydığı məlumata görə, əldə olunmuş saziş çərçivəsində irimiqyaslı maliyyələşdirmə nəzərdə tutulur. Şərqi Avropa ölkələrində pilotsuz uçuş aparatlarının istehsalı üzrə yeni zavodların tikilməsi üçün təxminən 10 milyard avro vəsait ayrılacaq.