15 iyul 2026 16:35
84

ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə Konqresdə ifadə veriblər

ABŞ Ali Məhkəməsinin hakimləri 2019-cu ildən bəri ilk dəfə olaraq ölkə Konqresində rəsmi şəkildə ifadə veriblər.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "NPR" radiostansiyası yayıb.

Konqres qarşısında çıxış edən rəsmi şəxslər — vaxtilə Barak Obama tərəfindən təyin edilmiş hakim Elena Kaqan və Donald Trampın təyinatı olan hakim Emi Koni Barrett Ali Məhkəmənin 2027-ci il büdcəsinin 20,5 milyon dollar artırılması zərurətini əsaslandırıblar.

Bildirilib ki, bu vəsaitlər hakimlərin və onların ailə üzvlərinin həm fiziki, həm də rəqəmsal təhlükəsizliyinin gücləndirilməsinə yönəldilməlidir. Ayrılacaq maliyyə xüsusilə hakimlərin 24 saatlıq fasiləsiz mühafizəsinin təşkilini, onların şəxsi evlərinin nəzarətə götürülməsini və digər qoruyucu tədbirləri təmin etməlidir. Əgər Konqres bu əlavə maliyyəni təsdiqləyərsə, ABŞ Ali Məhkəməsinin 2027-ci il üçün ümumi büdcəsi 228 milyon dollara çatacaq.

Hakimlər Kaqan və Barrett çıxışlarında rəsmi rəqəmləri diqqətə çatdıraraq vəziyyətin ciddiliyini vurğulayıblar. Ötən il hakimlərə və onların ailələrinə qarşı edilən hədə-qorxuların və təhdidlərin sayı 25% artıb. Cari ildə isə bu artım tempinin təxminən 38%-ə çatacağı gözlənilir.