15 iyul 2026 17:07
98

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub

İyulun 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Papakonstantinu arasında görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər arasında qarşılıqlı turist axınının dinamikasını artırmaq üçün nəqliyyat baxımından əlçatanlığın artırılmasının vacibliyi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin cari olaraq Bakıdan Yunanıstanın Krit adasına çarter reyslərinin uğurla həyata keçirildiyi vurğulanaraq, gələcəkdə iki ölkə arasında birbaşa və müntəzəm uçuşların bərpa edilməsinin turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyi bildirilib.

Görüşün yekununda Azərbaycan və Yunanıstanın turizm potensialının qarşılıqlı olaraq tanıdılması məqsədilə ikitərəfli tanıtım və təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.