15 iyul 2026 19:06
106

Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da güclənəcək

Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan strateji aktora çevrilib. Dövlət başçısının çıxışında xüsusilə enerji məsələlərinə geniş yer ayrılması təsadüfi deyildi. Çünki son illərdə baş verən geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyi beynəlxalq münasibətlərin əsas prioritetlərindən birinə çevrilib və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib.

Avropanın enerji xəritəsində Azərbaycanın rolu genişlənir

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan qazının ixrac coğrafiyası ildən-ilə genişlənir. Artıq bu ildən etibarən Almaniya və Avstriya da Azərbaycan qazı idxal edən ölkələr sırasına qoşulub. Bu, ölkəmizin Avropa bazarında mövqeyini daha da gücləndirməyə hesablanmış uzunmüddətli strategiyanın tərkib hissəsidir. Dövlət başçısının sözləri ilə desək: “Bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir.”

Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Bu göstərici təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm üstünlükdür.

Etibarlı tərəfdaş imici daha da möhkəmlənir

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Avropanın enerji siyasətində köklü dəyişikliklər yaratdı. Ənənəvi enerji marşrutlarında yaranan risklər Avropa ölkələrini alternativ mənbələr axtarmağa vadar etdi. Bu prosesdə Azərbaycan özünü sabit, etibarlı və öhdəliklərinə sadiq tərəfdaş kimi təsdiqlədi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Avropa Komissiyası məhz bu səbəbdən Azərbaycandan hasilatın artırılmasını xahiş etmişdi. Prezident forumda çıxışı zamanı bildirdi ki, bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Bu fikir Azərbaycanın artıq təkcə enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri statusunu qazandığını göstərir.

Hasilat və ixrac potensialı artır

Forumda səslənən ən mühüm mesajlardan biri də Azərbaycanın gələcək hasilat imkanları ilə bağlı oldu. Prezident İlham Əliyev vurğuladı ki, ölkənin mövcud ehtiyatları və həyata keçirilən investisiya proqramları yaxın illərdə qaz hasilatının daha da artmasına imkan verəcək. Bu baxımdan xüsusilə AÇG Deep Gas layihəsinin əhəmiyyəti diqqət çəkir. Dövlət başçısı qeyd etdi ki, cəmi bir neçə ay əvvəl bu layihə çərçivəsində hasilata başlanılıb və mövcud yataqlarda da təsdiqlənmiş investisiya proqramları əsasında istehsal genişlənəcək. Bu isə Azərbaycanın ixrac imkanlarının daha da böyüməsinə zəmin yaradır.

Yaşıl enerji qaz ixracını dəstəkləyəcək

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji layihələri oldu. Azərbaycan artıq neft və qaz ölkəsi olmaqla yanaşı, yaşıl enerji istehsalçısına çevrilmək istiqamətində də böyük layihələr həyata keçirir. Dövlət başçısı bildirib ki, 2032-ci ilədək ölkədə 8 giqavat bərpaolunan enerji generasiya gücü yaradılması planlaşdırılır. Bu layihələrin əsas üstünlüyü ondan ibarətdir ki, elektrik enerjisinin istehsalında istifadə olunan milyardlarla kubmetr təbii qaz daxili istehlakdan azad edilərək ixraca yönəldilə biləcək. Beləliklə, yaşıl enerji Azərbaycanın qaz ixracını məhdudlaşdırmır, əksinə, onu daha da artırmağa imkan verir.

Yeni bazarlar da gündəmdədir

Prezident İlham Əliyev çıxışında bazarların şaxələndirilməsinin vacibliyini də ön plana çəkdi. Azərbaycan artıq əvvəllər nəzərdə tutulmayan istiqamətlər üzrə də qaz ixracını genişləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, Suriyaya qaz ixracına başlanılması və bu ölkə vasitəsilə regionun digər bazarlarına çıxış imkanlarının araşdırılması ixrac coğrafiyasının genişlənməsinin davam etdiyini göstərir. Bu yanaşma Azərbaycanın yalnız Avropa bazarından asılı qalmamaq, eyni zamanda Yaxın Şərqdə də mövqeyini möhkəmləndirmək strategiyasını nümayiş etdirir.

Enerji diplomatiyasının yeni mərhələsi

IV Şuşa Qlobal Media Forumunda səslənən fikirlər göstərdi ki, Azərbaycanın enerji siyasəti artıq sadəcə hasilat və ixrac üzərində qurulmur. Burada enerji diplomatiyası, yaşıl keçid, bazarların şaxələndirilməsi, nəqliyyat infrastrukturunun inkişafı və uzunmüddətli tərəfdaşlıq mexanizmləri vahid strategiyanın tərkib hissəsinə çevrilib.

Azərbaycan bu gün həm Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan qaz təchizatçısı, həm də bərpaolunan enerji sahəsində böyük potensiala malik ölkə kimi çıxış edir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda verdiyi mesajlar da göstərir ki, qarşıdakı illərdə ölkənin enerji strategiyası yeni bazarların açılması, ixrac marşrutlarının genişləndirilməsi və etibarlı tərəfdaş statusunun daha da möhkəmləndirilməsi istiqamətində inkişaf edəcək. Bu isə Azərbaycanın qlobal enerji bazarında təsir imkanlarını artırmaqla yanaşı, ölkənin geosiyasi və iqtisadi mövqeyini də daha da gücləndirəcək.

Orxan Vahidoğlu, “İki sahil”