Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında yubiley yaşları tamam olmuş partiya veteranları ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edənlər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin siyasi irsini yaşadan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verən aparıcı siyasi qüvvədir. Vurğulanıb ki, partiyanın qazandığı uğurların təməlində müxtəlif dövrlərdə fədakarlıqla fəaliyyət göstərən, dövlətçiliyə və partiyanın ideallarına sadiqlik nümayiş etdirən veteranların əməyi dayanır.
Çıxışlarda bildirilib ki, Rəhimov Fəxrəddin, Səfiyarov Yusif və Quliyev Subxan uzun illər ərzində Yeni Azərbaycan Partiyasının ideyalarının təbliği, təşkilati işlərin gücləndirilməsi və ictimai-siyasi həyatın inkişafı istiqamətində səmərəli fəaliyyət göstərərək partiyanın nüfuzunun artmasına öz dəyərli töhfələrini veriblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasında formalaşmış veteranlara ehtiram ənənəsi partiyanın milli-mənəvi dəyərlərə, insan amilinə və xidmətə verilən yüksək qiymətin ifadəsidir. Bu diqqət və qayğı partiya sıralarında sağlam siyasi varisliyin qorunmasına, gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə və Heydər Əliyev ideyalarına sadiqliyin möhkəmləndirilməsinə xidmət edir.
Sonda yubiley yaşları tamam olmuş Rəhimov Fəxrəddin, Səfiyarov Yusif və Quliyev Subxan Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Tədbir xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.