Ali təhsil müəssisələrinin “Memarlıq” ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) elektron sistemi vasitəsilə qeydiyyatdan keçməlidirlər.
“İki sahil” xəbər verir ki, DİM-dən bildirilib ki, qeydiyyat iyulun 16-dan 20-dək saat 23:59-dək davam edəcək.
Qeyd olunub ki, “Memarlıq” ixtisasını I ixtisas qrupu üzrə ümumi balı minimum 200 olan abituriyentlər seçə bilərlər. Bununla yanaşı, I ixtisas qrupu üzrə blok imtahanının ikinci cəhdində iştirak etmiş, lakin nəticələri hələ elan olunmayan abituriyentlər də qeydiyyatdan keçə bilərlər. Lakin onların ümumi balı nəticələr açıqlandıqdan sonra 200-dən aşağı olarsa, qabiliyyət imtahanının nəticəsindən asılı olmayaraq ixtisas seçiminə buraxılmayacaqlar. Həmçinin qabiliyyət imtahanı üçün ödənilən rüsum geri qaytarılmayacaq. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər və subbakalavrlar ixtisas seçimi zamanı elektron ərizələrində “Memarlıq” ixtisası ilə yanaşı, I ixtisas qrupunun digər ixtisaslarını da göstərə bilərlər.
Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları ilə bağlı ətraflı məlumat “Abituriyent” jurnalının 2026-cı ildə nəşr olunan “Memarlıq” adlı xüsusi buraxılışında yer alıb.