Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşada verdiyi bəyanat dövlətlərarası münasibətlərin hazırkı inkişaf səviyyəsini, gələcək əməkdaşlıq istiqamətlərini və tərəflərin siyasi iradəsini nümayiş etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən görüş təkcə iki ölkə arasında münasibətlərin genişlənməsinin deyil, həm də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinə beynəlxalq tərəfdaşların marağının artmasının növbəti təsdiqi olub.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Dövlət başçısının 2024-cü ilin sonunda Slovakiyaya rəsmi səfəri, eləcə də Prezident Peter Pelleqrinin Azərbaycana səfəri ölkələr arasında etimada əsaslanan dialoqun daha da möhkəmləndiyini nümayiş etdirir. Bu qarşılıqlı təmaslar hər iki ölkənin əməkdaşlığı uzunmüddətli strateji baxış əsasında inkişaf etdirmək niyyətinin göstəricisidir.
İki ölkə arasında münasibətlərin inkişafında 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Strateji tərəfdaşlıq qarşılıqlı etimadın, siyasi dialoqun və ortaq maraqların məntiqi nəticəsi olmaqla yanaşı, gələcək əməkdaşlığın da əsas istiqamətlərini müəyyən edir.
Şuşada keçirilən görüş zamanı nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı əməkdaşlığın əhatə dairəsinin kifayət qədər geniş olduğunun göstəricisidir. Energetika, iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə aparılan danışıqlar münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, konkret iqtisadi və praktiki nəticələrə yönəldiyini təsdiqləyir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.
Azərbaycan ilə Slovakiya arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu Slovakiya üçün də mühüm önəm kəsb edir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi qazandığı nüfuz, enerji mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirdiyi layihələr və Avropa bazarına qaz ixracının genişləndirilməsi Slovakiya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu baxımdan enerji sahəsində əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən biri kimi çıxış edir.
Bəyanatın diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında fəal iştirakının yüksək qiymətləndirilməsi olub. Prezident İlham Əliyev Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini xüsusi qeyd edərək, bu dəstəyə görə təşəkkür edib. Bu layihə müasir texnologiyaların tətbiqi, dayanıqlı yaşayış mühitinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Slovakiyanın bu prosesdə iştirakı həm dost münasibətlərinin, həm də Azərbaycanın bərpa proqramına beynəlxalq etimadın göstəricisidir.
Prezidentlərin birlikdə Ağdam rayonuna səfəri və həyata keçirilən layihələrlə tanış olmaları bir daha təsdiqləyir ki, Qarabağ artıq beynəlxalq əməkdaşlıq məkanına çevrilib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri xarici tərəfdaşların fəal iştirakı ilə daha da sürətlənir. Bu isə Azərbaycanın həyata keçirdiyi bərpa siyasətinin beynəlxalq dəstək qazandığını nümayiş etdirir.
Slovakiya Prezidenti Peter Pelleqrinin əvvəlki vəzifələrdə – parlament sədri və Baş nazir kimi Azərbaycana səfərləri, daha sonra Prezident kimi COP29 çərçivəsində ölkəmizdə iştirakı, eləcə də hazırkı rəsmi səfəri iki ölkə rəhbərləri arasında formalaşmış qarşılıqlı etimadın və səmimi münasibətlərin göstəricisidir. Bu davamlı təmaslar dövlətlərarası əlaqələrin sabit və perspektivli inkişafına mühüm töhfə verir.
Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa üstünlük verir. Slovakiya ilə münasibətlər də məhz qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Tərəflərin konkret nəticələrə hesablanmış əməkdaşlıq modeli gələcəkdə yeni layihələrin reallaşdırılmasına və iqtisadi əlaqələrin daha da genişlənməsinə zəmin yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır. Şuşadan verilən bu mesajlar Azərbaycan–Slovakiya əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlığın real məzmun qazandığını və əməkdaşlığın yaxın illərdə daha da genişlənəcəyinin göstəricisidir. Bu münasibətlər yalnız iki ölkənin maraqlarına deyil, Avropada təhlükəsizlik, enerji əməkdaşlığı və regional sabitliyin möhkəmləndirilməsinə də mühüm töhfə verməyə davam edəcəkdir.
Heydər Əsədov,
Milli Məclisin deputatı