17 iyul 2026 00:59
77

İnvestisiya inkişafa və bolluğu hədəflənən strateji addımdır

Bəs ölkəmiz bu sahədən necə yararlana bilib?

Bu gün Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq qapı» siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Məhz bunun nətiçəsidir ki, son 20 ildə ölkəmizə qoyulan 350 milyard dollarlıq investisiya iqtisadi müstəqilliyimizi təmin etmiş və onu qlobal nəqliyyat və loqistika mərkəzinə çevirmişdir. Heç şübhəsiz ki, belə əhatəli investisiya strategiyasından gözləntimiz o olmuşdur ki, ölkənin neftdən asılılığı azaldılsın. 

Məlumdur ki, investisiya iqtisadi inkişafın əsas prioritetlərindən biridir. Ona görə də hansı ölkədə ki,  investisiya mühiti mövcuddur, oraya yerli və xarici sərmayədarların da marağı artır. Azərbaycan dövləti də investorları cəlb emək üçün önəmli işlər həyata keçirib. Xüsusilə ölkəmizin investisiya cəlbediciliyini artırmaq üçün ciddi islahatlar aparılıb. İlk növbədə bu sahədə qanunvericilik bazası təkmilləşdirilməklə investorlara mane ola biləcək bütün bürokratik əngəllər aradan qaldırılıb. Onların şəffaf və maneəsiz fəaliyyəi üçün antikorrupsiya tədbirləri gücləndirilib. Konkret olaraq bu istiqamətdə  Apelyasiya şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında», «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlər mövcuddur. Bundan başqa, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb. Ən başlıcası isə Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib.

Burada digər önəmli məsələ ondan ibarətdir ki, sözügedən xarici kapital Azərbaycanı Avropanın enerji təchizatında mühüm oyunçuya çevirmişdir. Əsas investisiya sahəsi neft-qaz sektoru olsa da bu vəsaitlər təkcə hasilata deyil, həm də mürəkkəb boru kəməri sistemlərinin qurulmasına yönəldilmişdir. Məsələn, Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 milyard dollardır Bu, xarici və birgə investisiyaların ən ümdə nümunəsidir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin ümumi büdcəsi 4,7 milyard dollar təşkil etmişdir. TANAP - təxminən 8 milyard dollarlıq investisiya ilə ərsəyə gəlmişdir. TAP isə 4,5 milyard avro dəyərindədir və Azərbaycan qazının ilk dəfə İtaliya, Yunanıstan və Albaniya bazarlarına çıxışını reallaşdırmışdır.

Qeyd edək ki, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır ki, bu da xlkgmizə qoyulan investisiyaların strateji əhəmiyyətini göstərir. Bu gün ölkəmiz dünyada ən böyük hasilatçı və ixracatçı deyil.  Lakin əvəzində boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə  birincidir.

Həm də ökəmiz Avrasiyanın əsas logistik mərkəzidir. Təkcə son bir ildə yolların tikintisinə və təmirinə 4,96 milyard manat sərf edilib. Son 20 ildə 15 min kilometrdən çox avtomobil yolu çəkilib. Digər tərəfdən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 3 mərhələli tikintisi üçün təqribən 870 milyon manata qədər vəsait xərclənib. 2025 ci ildə limanın gücünü 25 milyon tona çatdırmaq üçün əlavə 20 milyon manat ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə gəldikdə isə ümumi dəyəri 600 milyon dollardan çox olan bu yol regionda qarşılıqlı ticarət əlaqələrinin güclənməsində əsas amildir.

Həmçinin yaşıl enerji sahəsi də ölkəmizin investisya yatırdığı digər mühüm məsələdir. Bu istiqamətdə strateji hədəf  2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin payını 30 faizə yüksəltməkdir. Məsələn, Qaradağda inşa olunan 230 MVt gücündə Günəş Elektrik Stansiyası xarici investisiyanın real təzahürü kimi çıxış edir. 262 milyon dollarlıq sərmayə ilə reallaşdırılan bu layihə Azərbaycanın yaşıl enerji xəritəsində mühüm yer tutur. Eyni zamanda, Xızı-Abşeron Külək Elektrik Stansiyası da ölkənin enerji balansında yeni mərhələnin başlanğıcını simvolizə edir. 240 MVt gücə malik bu layihəyə yönəldilən 286 milyon dollarlıq investisiya alternativ enerji sektoruna artan beynəlxalq marağın göstəricisidir.

Enerji sektorundakı bu dinamika paralel şəkildə sənaye sahəsində də müşahidə olunur. Ölkə üzrə fəaliyyət göstərən sənaye parkları və məhəllələrə indiyədək 8,1 milyard manatlıq investisiyanın yönəldilməsi qeyri-neft sektorunun inkişafına verilən xüsusi nəmdir. Burada aparıcı mövqeni isə 5,5 milyard manatlıq investisiya həcmi ilə Sumqayıt Kimya Sənaye Parkı tutur.

Təkcə son 5 ilin iqtisadi panoramına nəzər saldıqda aydın görünür ki, Azərbaycan qlobal investisiya xəritəsində mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Bu dövr ərzində ölkə iqtisadiyyatına ümumilikdə 29,3 milyard dollarlıq birbaşa xarici investisiyanın cəlb olunması iqtisadi etimadın və strateji sabitliyin göstəricisi kimi diqqət çəkir.

Ölkəmizə yönələn birbaşa xarici investisiya axınında əsas pay Birləşmiş Krallığa məxsusdur. 2020–2024-cü illədə bu ölkədən Azərbaycan iqtisadiyyatına 8,63 milyard dollarlıq sərmayə daxil olub ki, bu da iqtisadi əlaqələrin dərinliyindən xəbər verir. İnvestisiya sıralamasında ikinci pillədə qardaş Türkiyə qərarlaşıb. Son 5 ildə Türkiyədən ölkəmizə yönələn birbaşa investisiyaların həcmi 5,03 milyard dollara çatıb. Üçüncü sırada yer alan digər türk dövləti – Şimali Kipr isə 2,91 milyard dollarlıq investisiya ilə Azərbaycanın iqtisadi inkişafında iştirak edən əsas tərəfdaşlardan biri kimi ön plana çıxır.

Azərbaycana yatırılan investisiyalara paralel olaraq dövlətimizin də xarici ölkələrə vəsait qoyuluşu irihəcmlidir.  BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) «Qlobal İnvestisiya Hesabatı»nda qeyd edilir ki,  son beş ildə  Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 29 milyard 876 milyon ABŞ dollarından çoxdur.  

Elçin Zaman, «İki sahil»