17 iyul 2026 00:15
88

Aqrar-sənaye ixracı yüksəldir: Bəs növbəti mərhələ nə olacaq?

Qeyri-neft ixracındakı artım son illərdə həyata keçirilən dövlət dəstəyi mexanizmlərinin nəticəsidir

Qeyri-neft ixracının artması son illərdə Azərbaycanın iqtisadi siyasətində əsas prioritetlərdən biri olan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlərin effektivliyini qiymətləndirmək baxımından mühüm göstəricilərdən hesab olunur. Xüsusilə neft qiymətlərindəki dəyişkənliyin dünya iqtisadiyyatına təsir göstərdiyi bir dövrdə qeyri-neft sektorunun inkişafı ölkənin xarici ticarət gəlirlərinin daha dayanıqlı mənbələr hesabına formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən açıqlanan hər yeni statistika yalnız ixrac rəqəmlərinin artımını deyil, eyni zamanda, iqtisadiyyatın hansı istiqamətdə inkişaf etdiyini və bu artımın nə dərəcədə dayanıqlı olduğunu da göstərir.

2026-cı ilin ilk yarısına dair göstəricilər qeyri-neft ixracında müsbət dinamikanın davam etdiyini ortaya qoyur. Ən diqqətçəkən məqamlardan biri isə aqrar-sənaye məhsullarının ixracında qeydə alınan yüksək artımdır. Bu tendensiya kənd təsərrüfatı ilə emal sənayesi arasında əlaqələrin gücləndiyini, istehsal zəncirinin daha səmərəli işlədiyini və yerli məhsulların xarici bazarlarda rəqabət imkanlarının genişləndiyini göstərən amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, yeni əkin və bağ sahələrinin yaradılması, həmçinin emal müəssisələrinin istehsal gücünün yüksəlməsi ixrac potensialının genişlənməsinə də təsir göstərən əsas faktorlar sırasında yer alır.

Bununla belə, iqtisadçılar və sahə mütəxəssisləri hesab edirlər ki, faiz ifadəsində yüksək görünən artım göstəricilərinə yalnız statistik baxımdan yanaşmaq düzgün olmaz. Çünki hər hansı artımın iqtisadi əhəmiyyətini qiymətləndirərkən onun mütləq həcmi, ümumi ixrac strukturundakı payı, hansı məhsul qrupları hesabına formalaşdığı və gələcəkdə davamlılığının təmin edilib-edilməyəcəyi də nəzərə alınmalıdır. Əsas məsələ təkcə ixracın artması deyil, bu artımın yüksək əlavə dəyər yaradan məhsullar hesabına baş verməsi, yeni bazarlara çıxış imkanlarının genişlənməsi və ölkənin ixrac coğrafiyasının daha da şaxələndirilməsidir.

Aqrar-sənaye ixracın əsas hərəkətverici qüvvəsinə çevrilir

Kənd təsərrüfatı eksperti Akif Nəsirli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, cari ilin ilk yarısında qeyri-neft ixracının artması bir neçə iqtisadi amilin təsiri ilə izah oluna bilər. Son illərdə qeyri-neft sektorunun inkişafına yönəlmiş Dövlət proqramları, ixracın təşviqi mexanizmləri və istehsalçılara göstərilən maliyyə dəstəyi müəssisələrin xarici bazarlara çıxış imkanlarını genişləndirib. Eyni zamanda, kənd təsərrüfatı və emal sənayesinə yatırılan investisiyalar məhsul istehsalının və emal güclərinin artmasına şərait yaradıb.

Ekspert qeyd etdi ki, aqrar-sənaye məhsullarında yüksək artıma kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi, yeni bağ və əkin sahələrinin istifadəyə verilməsi, müasir texnologiyaların tətbiqi və emal müəssisələrinin fəaliyyətinin genişlənməsi də təsir göstərib. Meyvə-tərəvəz, qida məhsullarına və digər emal olunmuş məhsullara xarici bazarlarda tələbatın artması da ixrac həcmlərinin yüksəlməsinə kömək edib.

Faiz yüksəkdir, bəs real iqtisadi nəticə nə qədərdir?

Bununla yanaşı, 16,9 faizlik artım ilk baxışda yüksək görünsə də, mütləq ifadədə artım o qədər də böyük deyil. Məsələn, qeyri-neft ixracı təxminən 1,8 milyard dollardan 2,1 milyard dollara yüksəlibsə, faktiki artım təxminən 300 milyon dollar təşkil edir. Faiz göstəricisinin yüksək görünməsi əsasən müqayisə bazasının nisbətən kiçik olması ilə bağlıdır. Müqayisə üçün neft-qaz ixracı və ya ümumi xarici ticarət dövriyyəsində oxşar faiz artımı milyardlarla dollar əlavə gəlir demək olardı. Bu baxımdan, qeyri-neft ixracında müsbət dinamika müşahidə olunsa da, onun həcmi hələ də ölkənin ümumi ixracında məhdud paya malikdir və iqtisadiyyatın əsas gəlir mənbəyi olaraq qalmaqdan uzaqdır.

Növbəti mərhələ keyfiyyəti artırmaqdır

Akif Nəsirli diqqətə çatdırdı ki, uzunmüddətli dövrdə bu dinamikanın qorunması üçün istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi, yüksək əlavə dəyər yaradan məhsulların istehsalının artırılması, yeni ixrac bazarlarına çıxış və logistika imkanlarının genişləndirilməsi həlledici əhəmiyyət daşıyacaq.

Nigar Orucova, “İki sahil”