17 iyul 2026 12:39
90

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə yeni benefisiarlar qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində növbəti benefisiar qəbulu keçirilib. “İki sahil” xəbər verir ki, mərkəzin Qiymətləndirmə Komissiyası tərəfindən həssas əhali qruplarına aid 20 vətəndaşın yaradıcı potensialı qiymətləndirilib və onlardan 16-sı müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunub. Yeni qəbul edilən şəxslər floristika, bədii oyma, xalçaçılıq, bədii tikmə, fotoqrafiya, təsviri incəsənət, kulinariya, rəqs, kapoeyra və musiqi istiqamətləri üzrə yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Bununla da Mərkəz və onun regional filiallarının xidmətlərindən hazırda yararlanan benefisiarların sayı 337 nəfərə çatıb. Ümumilikdə isə Mərkəz fəaliyyətə başladığı vaxtdan etibarən 1031 vətəndaş buradakı xidmətlərdən faydalanıb.

Qeyd edək ki, Mərkəzdə əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də aztəminatlı ailələrin üzvlərinin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması və inkişafına dəstək göstərilir. Bu kateqoriyadan olan 6 yaşdan yuxarı istedadlı şəxslər Mərkəz və onun filiallarındakı xidmətlərdən yararlanmaq üçün DOST mərkəzlərinə və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edə bilərlər. Mərkəzin fəaliyyəti barədə ətraflı məlumatı qurumun rəsmi sosial media hesablarından və "142" Çağrı Mərkəzi vasitəsilə əldə etmək mümkündür.