17 iyul 2026 17:04
105

Ombudsman: İnsan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib

“Müasir dövrdə hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara çevik yanaşma da vacibdir”.
“İki sahil” xəbər verir ki, "Azərbaycan müəllimi"nə istinadən  xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışında deyib. Onun sözlərinə görə, insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş və uğurla həyata keçirilən “Yüksəliş” müsabiqəsi ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib. Bu təşəbbüs yalnız bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda inkişafyönümlü düşüncə və idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm tərəqqi platformasıdır. Bu layihə Azərbaycanın gələcəyinə qoyulan investisiyanın, insan kapitalına verilən strateji dəyərin və dövlət idarəçiliyində peşəkarlığın inkişafına xidmət edən milli siyasətin mühüm təzahürüdür:
“Bu gün siz minlərlə namizəd arasından seçilərək final mərhələsinə yüksəlmisiniz. Bu nəticə uzunmüddətli zəhmətin, davamlı özünüinkişafın, intellektual hazırlığın və yüksək məsuliyyət hissinin məntiqi nəticəsidir. Bununla belə, əsl liderlik yalnız bilik və peşəkarlıq səviyyəsi ilə məhdudlaşmır. Burada insan hüquq və azadlıqlarına hörmət, qanunun aliliyinə sadiqlik, etik davranış, sosial məsuliyyət və qərar qəbuletmə prosesində insan amilinin əsas götürülməsi kimi fundamental prinsiplər mühüm rol oynayır”.

O bildirib ki, məhz bu dəyərlər cəmiyyətin etimadının qazanılmasına, ədalətli və dayanıqlı idarəetmənin təmininə zəmin yaradır.

“Qeyd olunmalıdır ki, ombudsmanın fəaliyyəti insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, ədalətin və bərabərliyin təşviqi kimi fundamental dəyərlərə söykənir. Bu missiya təkcə hüquqi çərçivələrlə məhdudlaşmır. O, eyni zamanda dövlət qurumları ilə insanlar arasında körpü rolunu oynayır, sosial ədalətin təmin olunmasına və vətəndaş məmnunluğuna yönəlik institusional davranış modelini təbliğ və təşviq edir. İnanıram ki, gələcəyin rəhbər və qərar qəbul edən şəxsləri kimi sizlər də peşəkar fəaliyyətinizdə bu prinsipləri daim rəhbər tutacaqsınız. Mentorluq proqramının əsas mahiyyəti də məhz burada özünü büruzə verir. Bu proqram bilik və təcrübənin, idarəçilik mədəniyyətinin və məsuliyyətin, etik dəyərlərin sonrakı nəsillərə ötürülməsi missiyasını daşıyır. “Yüksəliş” müsabiqəsində mentor kimi iştirak böyük məsuliyyət və eyni zamanda qürurvericidir. Hesab edirəm ki, hər bir mentorun ən mühüm vəzifəsi yalnız öz peşə təcrübəsini bölüşmək deyil, həm də gələcəyin liderlərində dövlətçilik təfəkkürünün, ictimai məsuliyyət hissinin, qanunlara hörmət və insan amilinə həssas yanaşmanın formalaşmasına töhfə verməkdir”.

S.Əliyeva əlavə edib ki, müsabiqənin nəticəsindən asılı olmayaraq, iştirakçıların burada qazandığı bilik, təcrübə və peşəkar əlaqələr gələcək fəaliyyətlərində onların ən dəyərli kapitalı olacaq:
“Əminəm ki, bu gün burada iştirak edən hər bir finalçı ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. Onlar dövlət idarəçiliyinin, elmin, təhsilin, iqtisadiyyatın və digər sahələrin inkişafına öz layiqli töhfəsini verəcəklər”.