Mütəxəssislər şəkər detoksunun vacib olmadığını bildirirlər
Son illər sosial şəbəkələrdə “şəkər detoksu” adı altında bütün şəkər növlərindən imtina etməyi təşviq edən paylaşımlar geniş yayılıb. Bu yanaşmanın daha sağlam dəri, keyfiyyətli yuxu, yüksək enerji və çəki azalması vəd etdiyi iddia olunsa da, mütəxəssislər bu fikirlərin elmi əsaslara söykənmədiyini bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, “şəkər detoksu” anlayışının tibbi baxımdan qəbul edilmiş tərifi yoxdur və tərkibində şəkər olan bütün qidaların rasiondan çıxarılması sağlam qidalanma baxımından doğru yanaşma hesab edilmir. Əksinə, bu, bəzi hallarda orqanizmin vacib qida maddələrindən məhrum qalmasına səbəb ola bilər. Qeyd olunur ki, şəkər insan orqanizmi üçün əsas enerji mənbələrindən biri olan karbohidratların tərkib hissəsidir. Orqanizm qəbul etdiyi karbohidratları parçalayaraq enerjiyə çevirir və ya sonradan istifadə etmək üçün ehtiyat şəklində saxlayır. Buna görə də şəkəri tamamilə qida rasionundan çıxarmağa ehtiyac yoxdur.
Sağlamlıq üçün əsas riskin bütün şəkərlərdən deyil, “sərbəst şəkərlər” adlandırılan şəkər növlərindən qaynaqlandığını vurğulayan mütəxəssislər bu qrupa peçenye, tort, şirniyyat, bəzi səhər yeməyi məhsulları və qazlı içkilərə əlavə olunan şəkərlərlə yanaşı, bal, şərbətlər və meyvə şirələrinin tərkibində olan şəkərlər də daxil olduğunu qeyd edirlər. Bu şəkərlər qida məhsullarının hüceyrə quruluşunda bağlı olmadıqları üçün “sərbəst şəkərlər” adlandırılır.
Elmi araşdırmaların nəticələri göstərir ki, sərbəst şəkərlərin normadan artıq qəbulu diş çürüməsi və artıq çəki riskini artırır. Dişlərdə yaranan bakteriyalar şəkəri parçalayarkən turşular əmələ gətirir və bu da diş minasının zədələnməsinə səbəb olur. Eyni zamanda, uzun müddət artıq bədən çəkisinin qalması 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və digər xroniki xəstəliklərin inkişaf ehtimalını yüksəldir. Bunun əksinə olaraq meyvə, tərəvəz, süd və şəkərsiz qatıq kimi tam qidaların tərkibində təbii şəkildə mövcud olan “daxili şəkərlər” eyni sağlamlıq riskləri ilə əlaqələndirilmir. Bunun əsas səbəbi həmin məhsulların lif, vitamin, mineral və digər faydalı qida maddələri ilə zəngin olmasıdır.
Mütəxəssislər sağlam qidalanmanın əsas prinsipinin bütün şəkərlərdən imtina etmək deyil, əlavə olunmuş və sərbəst şəkərlərin qəbulunu məhdudlaşdırmaq, təbii qidaların isə balanslı şəkildə rasionda saxlanılması olduğunu bildirirlər.
Şahnigar Əhmədova, "İki sahil"