19 iyul 2026 12:08
122

“1xeber” – 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu

19 iyul 2016-cı il tarixində sosial şəbəkələr üzərindən fəaliyyətə başlayan “1xeber” bu gün artıq 10 illik uğur yolunu geridə qoyur.

“İki sahil” xəbər verir ki, fəaliyyətə başladığı ilk gündən əsas məqsədi cəmiyyət üçün əhəmiyyət kəsb edən sosial, ictimai-siyasi və aktual hadisələri operativ, obyektiv və məsuliyyət prinsiplərinə sadiq qalaraq ictimaiyyətə çatdırmaq olub. Hələ sosial medianın xəbər mənbəyi kimi yeni formalaşdığı dövrdə “1xeber” Azərbaycanda bu sahədə peşəkar fəaliyyət göstərən ilk xəbər platformalarından biri kimi öz yerini tutdu və qısa müddətdə geniş oxucu auditoriyasının etimadını qazandı.

Ötən 10 il ərzində ölkədə və dünyada baş verən mühüm hadisələri operativ şəkildə izləyicilərə çatdırmaqla yanaşı, cəmiyyətin həssas problemlərinə də xüsusi diqqət ayırıb. “1xeber” inanır ki, jurnalistikanın əsas missiyası yalnız xəbəri yaymaq deyil, həm də insanların səsini eşitdirmək, onların üzləşdiyi çətinlikləri ictimailəşdirmək və problemlərin həllinə töhfə verməkdir.

Məhz bu prinsiplə fəaliyyət göstərərək “1xeber”in qaynar xəttinə daxil olan minlərlə müraciəti araşdırmış, vətəndaşların sosial problemlərini işıqlandırmış, aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmışdır. Bir çox hallarda bu müraciətlərin müsbət həll olunması, insanların sevincinə və ümidinə şərik olmaq ən böyük mənəvi qazanc olub.

Bu illər ərzində qazanılan ən böyük uğur milyonlarla baxış, yüz minlərlə izləyici və statistik göstəricilər deyil. Ən böyük uğur oxucuların göstərdiyi etimad, inam və sevgidir. Məhz bu etimad “1xeber”i hər gün daha məsuliyyətli işləməyə, cəmiyyət qarşısında daşıdığımız missiyanı layiqincə yerinə yetirməyə ruhlandırır.

Bu gün “1xeber” yalnız xəbər paylaşan platforma deyil. O, insanların müraciət ünvanına çevrilmiş, sosial problemlərin ictimailəşdirilməsində fəal iştirak edən, operativliyi və etibarlılığı ilə seçilən media resursudur.

“1xeber” arxada qalan 10 il ərzində onlara güvənən bütün oxuculara, izləyicilərə, əməkdaşlara, tərəfdaşlara və fəaliyyətə dəstək olan hər kəsə sonsuz təşəkkürünü bildirir. Qarşıdakı illərdə də “1xeber” peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq həqiqətin, obyektivliyin və cəmiyyətin yanında olmağa davam edəcək: "10 il bizim üçün sadəcə zaman göstəricisi deyil. Bu, minlərlə xəbər, on minlərlə hadisə, saysız-hesabsız insan taleyi, böyük etimad və məsuliyyət deməkdir. 19 iyul 2016-cı ildə başladığımız bu yol bu gün daha böyük inamla davam edir. Qarşıda isə bizi yeni uğurlar, yeni layihələr və daha böyük hədəflər gözləyir.

10 ildir sizinləyik. Etimadınız ən böyük dəyərimizdir".

10 illik yubiley münasibətilə "1xeber.media" kollektivini təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.