Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının fəalları "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Şuşa, Laçın, Xankəndi, Ağdam və Xocalı şəhərlərinə səfər ediblər.
“İki sahil” xəbər verir ki, səfər zamanı iştirakçılar Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və abadlıq işləri, o cümlədən müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən layihələrlə yaxından tanış olublar. Fəallar, eyni zamanda bu şəhərlərin tarixi-mədəni irsinin qorunması və əvvəlki görkəminin bərpası istiqamətində reallaşdırılan tədbirləri maraqla izləyiblər.
Partiya fəalları doğma yurdlarımızda qısa müddətdə həyata keçirilən möhtəşəm quruculuq işlərini yüksək dəyərləndirib, bu amillərin Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, uğurlu dövlət siyasətinin və ölkəmizin iqtisadi qüdrətinin bariz nümunəsi olduğunu vurğulayıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, qəhrəman oğullarımızın şücaəti və şanlı Zəfərimizlə qürur duyduqlarını bildiriblər.