20 iyul 2026 18:57
164

Sabunçuda şəhidlər yad edilib

Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Əliyev Tahir Mahir oğlu və Birinci Qarabağ müharibəsi şəhidi Mirəliyev Mirəli Vaqif oğlunun doğum günlərinin ildönümü münasibətilə anım tədbirləri keçirilib.

“İki sahil” xəbər verir ki, anım tədbirlərində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, qəsəbə sakinləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, Tahir Əliyev 2001-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. 2009-2019-cu illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində Əliağa Vahid adına 293 nömrəli tam orta məktəbdə təhsil alıb. Tahir Əliyev 2020-ci il oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Vətənə xidmətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Mirəli Vaqif oğlu 1973-cü il iyulun 20-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. 1993-cü il martın 27-də Ağdərə döyüşlərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.