21 iyul 2026 11:55
155

Gənclərin innovasiya və süni intellekt sahəsində biliklərinin inkişafı prioritet istiqamətlərdəndir

Gənclər Fondu qrant müsabiqələri və tərəfdaş proqramları vasitəsilə gənclərin rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyir

İnnovasiya və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin yeni bilik və bacarıqlara yiyələnməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Gənclər Fondu bu istiqamətdə həyata keçirdiyi qrant proqramları və tərəfdaşlıq layihələri ilə gənclərin innovasiya ekosistemində fəal iştirakını dəstəkləyir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev “İki sahil”ə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin innovasiya və rəqəmsal transformasiya dövrünün tələblərinə uyğun bilik və bacarıqlar qazanmasına xüsusi diqqət yetirir.

Onun sözlərinə görə, bu məqsədlə hər il həm fərdi gənclər, həm də gənclər təşkilatları üçün müxtəlif istiqamətlər üzrə qrant müsabiqələri elan olunur. Müsabiqələr çərçivəsində innovasiya, rəqəmsallaşma, sahibkarlıq, startap ekosisteminin inkişafı və yeni texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verilir.

Azər Əliyev qeyd edib ki, qrant müsabiqələri ilə yanaşı, Fond tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində də gənclərin innovasiya və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş proqramlar həyata keçirir. Bu istiqamətdə Azərbaycan Respublikasının Gənclər Fondu və "Bakcell" şirkətinin birgə həyata keçirdiyi “İnnovasiya və Süni İntellekt" Təqaüd Proqramı xüsusi əhəmiyyət daşıyır.

Baş direktorun sözlərinə görə, proqram gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində iştirakçılar süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizaynı kimi istiqamətlər üzrə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edirlər.

Azər Əliyev vurğulayıb ki, proqrama 2 minə yaxın müraciətin daxil olması gənclərin süni intellekt və innovasiya sahəsinə artan marağının göstəricisidir.

O əlavə edib ki, gələcək dövrdə də süni intellekt, innovasiya və rəqəmsal texnologiyalar istiqamətində həyata keçirilən təşəbbüslərin davam etdirilməsi, mövcud əməkdaşlıqların daha da genişləndirilməsi və gənclərin bu sahələr üzrə bilik və bacarıqlarının inkişafına xidmət edən proqramların əhatə dairəsinin artırılması nəzərdə tutulur.

Yaqut Ağaşahqızı,”İki sahil"