Qubada avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub:
"Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2002-ci il təvəllüdlü Qədirov Mətləb Bəxtiyar oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır".