21 iyul 2026 13:03
141

Milli Mətbuat Günü: Milli sözün və azad fikrin şərəfli yolu

Hər il 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar tarix təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və dövlətçilik ənənələrinin inkişafında mühüm rol oynamış Azərbaycan mətbuatının şərəfli tarixinin təntənəsidir.

1875-ci il iyulun 22-də böyük maarifçi və mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının əsasını qoydu. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, "Əkinçi" xalqın maariflənməsi, elmə, təhsilə və milli dəyərlərə bağlılığın gücləndirilməsi istiqamətində əvəzsiz xidmət göstərdi. Məhz bu qəzet Azərbaycan dilində mətbuatın inkişafına yol açaraq sonrakı dövrlərdə milli jurnalistika məktəbinin formalaşmasına möhkəm zəmin yaratdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisə kimi yadda qaldı. Bu qərar mətbuatın daha sərbəst fəaliyyət göstərməsi və cəmiyyətin obyektiv informasiya ilə təmin olunması baxımından yeni imkanlar yaratdı.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasının müasir çağırışlara uyğun inkişafı dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Medianın iqtisadi dayanıqlığının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, rəqəmsal transformasiyanın dəstəklənməsi və peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Medianın İnkişafı Agentliyinin fəaliyyəti, jurnalistlərin peşə hazırlığına verilən dəstək və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi bu siyasətin mühüm tərkib hissəsidir.

Müasir dövrdə informasiya təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Xüsusilə Vətən müharibəsi və sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində ölkənin milli maraqlarının müdafiəsində mühüm rol oynadı. Operativ, dəqiq və etibarlı məlumatların ictimaiyyətə çatdırılması, dezinformasiyaya qarşı mübarizə və dövlətin haqlı mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması jurnalistlərin üzərinə düşən məsuliyyətin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi.

Bu gün Azərbaycan jurnalistindən yalnız xəbəri çatdırmaq deyil, həm də peşə etikası prinsiplərinə sadiq qalmaq, cəmiyyət qarşısında məsuliyyət daşımaq, milli maraqları qorumaq və həqiqətin müdafiəçisi olmaq tələb olunur. İnformasiya bolluğu dövründə etibarlı və peşəkar medianın rolu daha da artır.

22 İyul – Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolu dəyərləndirmək, bu sahədə çalışan insanların əməyinə hörmət və ehtiram göstərmək üçün əlamətdar gündür. Bu münasibətlə bütün media nümayəndələrini peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, daim obyektiv, prinsipial və məsuliyyətli fəaliyyət arzulayırıq. İnanırıq ki, Azərbaycan mətbuatı milli maraqların qorunması, cəmiyyətin düzgün məlumatlandırılması və dövlətimizin daha da güclənməsi naminə bundan sonra da öz şərəfli missiyasını layiqincə davam etdirəcəkdir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı