İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi təkcə ekosistemə deyil, insan sağlamlığına da ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, havanın temperaturunun yüksəlməsi, atmosferin çirklənməsi və meşə yanğınları nəticəsində yaranan zərərli maddələr insult riskini artıran amillər sırasındadır.
Türkiyəli nevroloq İsmet Üstün son illərdə müşahidə olunan iqlim dəyişikliklərinin beyin sağlamlığına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, temperaturun yüksəlməsi, rütubət və atmosfer təzyiqində baş verən dəyişikliklər insultun yaranma ehtimalını artırır. Mütəxəssis vurğulayıb ki, ətraf mühitin qorunması, eyni zamanda, ictimai sağlamlığın qorunması deməkdir: “Fosil yanacaqların istifadəsi nəticəsində atmosferə buraxılan karbonmonoksit, metan, kükürd dioksid və azot oksidləri kimi çirkləndirici qazlar qan damarlarının daxili qatına zərər verir. Bu isə damarların sərtləşməsinə, qanın laxtalanmaya meylinin artmasına və orqanizmdə iltihabi proseslərin güclənməsinə səbəb olaraq insult riskini yüksəldir.”
Mütəxəssisin fikirlərinə əsasən, iqlim dəyişikliyinin mənfi təsirləri xüsusilə yaşlı insanlarda daha qabarıq müşahidə olunur. Bundan əlavə, kişilərdə insult riski qadınlarla müqayisədə daha yüksək qiymətləndirilir. Risk qrupuna daxil olan şəxslərə isti havalarda kifayət qədər maye qəbul etmək, günün ən isti saatlarında açıq havada olmamaq və xroniki xəstəliklərini mütəmadi nəzarətdə saxlamaq tövsiyə edilir. Nevroloq insult riskinin azaldılması üçün fərdi tədbirlərlə yanaşı, ekoloji addımların da vacib olduğunu vurğulayıb: “Fosil yanacaqlardan istifadənin azaldılması, zərərli qaz emissiyalarının aşağı salınması, yaşıllıq sahələrinin artırılması, həmçinin piyada hərəkətinin və velosipeddən istifadənin təşviqi həm ətraf mühitin mühafizəsinə, həm də cəmiyyətin sağlamlığının yaxşılaşmasına mühüm töhfə verə bilər.”
Şahnigar Əhmədova, “İki sahil”