Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) təhsil müəssisələri, beynəlxalq tərəfdaşlar və innovasiya ekosistemi ilə əməkdaşlığını davamlı şəkildə genişləndirərək ölkədə yüksəkixtisaslı kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanmasına və yerli texnoloji həllərin inkişafına mühüm töhfə verir.
“İki sahil” xəbər verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günü münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı səsləndirib.
O bildirib ki, hazırda AKM-in ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində ölkənin 7 ali təhsil müəssisəsində 12 müxtəlif fənnin tədrisi həyata keçirilir. Bu əməkdaşlıq kibertəhlükəsizlik sahəsində müasir biliklərin universitet proqramlarına inteqrasiyasına, tələbələrin beynəlxalq standartlara uyğun hazırlanmasına və insan kapitalının inkişafına xidmət edir.
Fərid Osmanov qeyd edib ki, AKM tədrislə yanaşı, yerli innovasiya ekosisteminin inkişafına da mühüm dəstək göstərir: “Bu günədək 7 kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstək verilib. Eyni zamanda, ölkə səviyyəsində 4, İsrailin nüfuzlu Technion – İsrail Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində isə məzunlar arasında 12 hakaton təşkil olunub. İndiyədək 70-dən çox vorkşop və master-klas keçirilib, beynəlxalq kibertəhlükəsizlik yarışlarına hazırlıq proqramları təşkil olunub. Bu təşəbbüslər gənclərin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsinə, innovativ həllərin hazırlanmasına, yeni istedadların üzə çıxarılmasına və ölkədə innovasiya mədəniyyətinin formalaşmasına əhəmiyyətli töhfə verir”.
O bildirib ki, beynəlxalq tərəfdaşlıqlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir və son dövrdə bu sahədə mühüm nailiyyətlər əldə olunub. Kibertəhlükəsizlik üzrə beynəlxalq təlim və sertifikatlaşdırma təşkilatı OffSec ilə imzalanmış anlaşma memorandumu çərçivəsində yeni əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq beynəlxalq metodologiyalar əsasında yüksəkixtisaslı kibermütəxəssislərin hazırlanmasına, onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq sertifikatlaşdırma imkanlarının genişləndirilməsinə xidmət edəcək.
İdarə Heyəti sədrinin sözlərinə görə, həyata keçirilən bütün bu təşəbbüslər Azərbaycanın kibertəhlükəsizlik sahəsində regional liderliyinin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənməsinə və ölkənin rəqəmsal inkişaf strategiyasının uğurla reallaşdırılmasına mühüm töhfə verir.