22 iyul 2026 12:56
143

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və verilən bəyanatlar göstərir ki, Bakı ilə Berlin arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Xüsusilə siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsi gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşir.

Avropa İttifaqının ən böyük iqtisadiyyatına sahib olan Almaniya üçün enerji mənbələrinin şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və Mərkəzi Asiya bazarlarına çıxış strateji prioritetlər sırasındadır. Bu baxımdan Azərbaycan Berlin üçün yalnız enerji tərəfdaşı deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni geoiqtisadi bağlantıların əsas dövlətlərindən biridir. Azərbaycan qazının Almaniya bazarına daxil olması Bakı-Berlin münasibətlərində keyfiyyətcə yeni mərhələ yaradıb. SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi, həmçinin SEFE ilə formalaşdırılan strateji əməkdaşlıq Almaniyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və Cənub Qaz Dəhlizinin Avropa enerji bazarında sabit mənbə kimi rolunun güclənməsinə xidmət edir. Almaniya kimi ixracyönümlü iqtisadiyyat üçün Orta Dəhliz də xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut Almaniya sənayesinə Mərkəzi Asiya bazarlarına daha etibarlı çıxış, kritik xammal tədarükünün şaxələndirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından yeni imkanlar yaradır. Azərbaycan isə bu prosesdə Avropa ilə Asiya arasında logistika, enerji və iqtisadi əməkdaşlığın əsas qovşaqlarından biri kimi çıxış edir.

Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarında bu məsələlər ətrafında fikirlərini bildirdilər.  Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, səfər zamanı imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə xidmət edəcək. İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Almaniya artıq strateji dialoqun başlanmasına nail olublar və bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı imzalanmış Birgə Bəyannamə isə ticarət, investisiya, sənaye, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın daha da intensivləşməsi üçün mühüm hüquqi və siyasi baza yaradır.

Azərbaycan ilə Almaniya arasında münasibətlər uzun illərdir qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. Almaniya Azərbaycanın Avropa İttifaqı daxilində əsas tərəfdaşlarından biri olmaqla yanaşı, Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri kimi Cənubi Qafqaz regionunda da mühüm rol oynayır. Bu baxımdan Bakı ilə Berlin arasında əməkdaşlığın genişlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, həm də regionda iqtisadi inteqrasiyanın, sabitliyin və sülhün möhkəmlənməsinə töhfə verə bilər.

İqtisadi əməkdaşlıq Azərbaycan-Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Hazırda 200-dən artıq Almaniya şirkəti Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir. Onların enerji, sənaye, tikinti, logistika, mühəndislik, kənd təsərrüfatı, informasiya texnologiyaları və xidmət sektorunda həyata keçirdikləri layihələr ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, rəsmi səfər çərçivəsində Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb. Bu isə yaxın illərdə yeni investisiyaların cəlb olunmasına, müasir texnologiyaların transferinə və yeni iş yerlərinin yaradılmasına əlverişli şərait formalaşdıracaq.

Enerji sektoru Azərbaycan–Almaniya əməkdaşlığının strateji istiqamətlərindən biri olaraq xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2026-cı ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılıb. Bununla Azərbaycan qazı artıq Avropa İttifaqının on ölkəsinə çatdırılır. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu bir daha nümayiş etdirir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın mövqeyi daha da güclənir və Almaniya ilə əməkdaşlıq bu istiqamətdə yeni perspektivlər açır. Bununla yanaşı, Azərbaycan Almaniyaya neft ixracını da davam etdirir. Gələcəkdə isə ölkəmizin zəngin bərpaolunan enerji potensialından istifadə etməklə yaşıl enerjinin Avropa bazarına çıxarılması planlaşdırılır. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və yaşıl hidrogen istehsalı istiqamətində həyata keçirilən təşəbbüslər Azərbaycan ilə Almaniya arasında enerji əməkdaşlığını ənənəvi neft-qaz sahəsindən daha geniş və innovativ müstəviyə daşıya bilər.

Səfər zamanı verilən mesajlar göstərir ki, tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə də xüsusi önəm verirlər. Rəqəmsal transformasiya, sənaye innovasiyaları, peşə təhsili, logistika, nəqliyyat dəhlizləri və ekoloji texnologiyalar gələcək əməkdaşlığın perspektivli istiqamətləri kimi qiymətləndirilir. Almaniyanın qabaqcıl texnoloji təcrübəsi ilə Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf edən iqtisadi potensialı qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasətini ardıcıl şəkildə davam etdirir. Almaniya ilə strateji dialoqun, iqtisadi əməkdaşlığın yeni hüquqi əsaslarla möhkəmləndirilməsi və enerji tərəfdaşlığının genişləndirilməsi iki ölkə arasında münasibətlərin uzunmüddətli inkişafına möhkəm zəmin yaradır. Bu əməkdaşlıq yalnız Azərbaycan və Almaniyanın milli maraqlarına xidmət etmir, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, regional sabitliyə və iqtisadi tərəfdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir.

Ramil Nəbiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı