22 iyul 2026 13:59
147

Milli mətbuatımız: 151 illik şərəfli yol və müasir inkişaf mərhələsi

22 İyul – Milli Mətbuat Günümüz zəngin maarifçilik tariximizin, milli intibahımızın və dövlətçilik düşüncəmizin formalaşmasında müstəsna payı olan tarixi bir mərhələnin başlangıcıdır. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan mətbuatı, keçdiyi 151 illik şərəfli inkişaf yolu sayəsində bu gün müasir informasiya cəmiyyətinin ən mühüm sütunlarından birinə çevrilmişdir. Milli mətbuatımızın yaranması XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-siyasi və mədəni intibahının məntiqi nəticəsi idi.

Bütöv bir maarifçilik hərəkatının təməlini qoyan “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli şüurunun oyanmasında, cəhalətə qarşı mübarizədə və milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərmişdir. Zərdabi irsindən qidalanan Azərbaycan mətbuatı sonrakı dövrlərdə də dövlətçilik düşüncəmizin möhkəmlənməsinə böyük töhfələr vermişdir.

Müstəqillik dövründə isə ölkə mediası keyfiyyətcə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi xətti sayəsində mətbuatın fəaliyyətinə geniş imkanlar yaradıldı, söz və məlumat azadlığının hüquqi təminatı formalaşdırıldı. Ulu Öndərin vurğuladığı kimi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu gün də media məkanımız həmin zəngin ənənələrə söykənərək dövlətimizin maraqlarına və cəmiyyətimizin maariflənməsinə xidmət etməkdədir.

1998-ci ildə cənab Heydər Əliyevin imzaladığı tarixi fərmanla mətbuatda senzuranın ləğvi Azərbaycan mediasının sərbəst, müstəqil və plüralist inkişafına geniş yol açdı. Bunun ardınca müasir qanunvericilik bazası formalaşdırıldı, mətbuatın iqtisadi müstəqilliyinin saxlanılması və peşəkarlığın artırılması istiqamətində ardıcıl dövlət dəstəyi təmin edildi. Bu strategiya möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni, konseptual bir mərhələyə qədəm qoymuşdur. xüsusilə 2021-ci il 12 yanvar tarixli Fərmanla Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə media siyasətinin sistemli, institusional və müasir standartlara uyğun həyata keçirilməsinə zəmin yaratdı.

Dövlət başçımızın da bəyan etdiyi kimi: “Müasir Azərbaycan mətbuatı informasiya cəmiyyəti quruculuğunda, sosial ədalətin və şəffaflığın təmin olunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğində aparıcı rol oynamalıdır”.

Bu gün sürətli rəqəmsallaşma dövründə Azərbaycan mediası qlobal informasiya məkanının fəal və təsirli iştirakçısına çevrilib. Çap mediasının zəngin ənənələri ilə yanaşı, dinamik internet resurslarımız və rəqəmsal platformalarımız da həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə haqq səsimizin çatdırılmasında mühüm platformadır. Bütün bu inkişaf prosesində peşəkarlıq, obyektivlik, obyektiv yanaşma və yüksək vətənpərvərlik prinsipləri milli jurnalistikamızın əsas kompasıdır.

Milli jurnalistikamızın müasir inkişaf mərhələsi bilavasitə bu sahədə aparılan ardıcıl və məqsədyönlü institusional islahatlarla bağlıdır. Həyata keçirilən islahatlar informasiya təhlükəsizliyimizin gücləndirilməsinə, rəqabətədavamlı mətbuat mühitinin yaradılmasına və jurnalistlik peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət etməklə bərabər, jurnalistlərin sosial rifahı və fəaliyyət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərmişdir. Tətbiq edilən vergi güzəştləri, güzəştli ipoteka imkanları, dövlət təltifləri və maliyyə dəstəyi mexanizmləri media daxilində sağlam rəqabət və maliyyə dayanıqlığı formalaşdırır.

İnformasiya cəbhəsinin hərbi müstəvi qədər kritik olduğu günümüzdə də Azərbaycan mediası öz yetkinliyini sübut edib. 44 günlük Vətən müharibəsi dövründə jurnalistlərimiz operativ və fədakar fəaliyyətləri ilə düşmənin saxta təbliğatını darmadağın edərək Qarabağ həqiqətlərini dünyaya çatdırdılar. Bu gün də postmüharibə reallıqlarının — işğaldan azad edilmiş torpaqlarımızdakı böyük quruculuq işlərinin və ölkəmizin sülh gündəliyinin beynəlxalq birliyə çatdırılmasında mətbuatımız böyük missiya icra edir.

Mədəniyyət paytaxtımız Şuşada təşkil olunan Qlobal Media Forumları isə artıq Azərbaycanın beynəlxalq informasiya dialoqundakı lider mövqeyini təsdiqləyir. Süni intellekt, media etikası, kibertəhlükəsizlik və dezinformasiya ilə mübarizə kimi qlobal mövzuların məhz Şuşada müzakirə edilməsi ölkəmizin dünya media gündəliyini müəyyənləşdirən aparıcı mərkəzlərdən birinə çevrildiyinin bariz göstəricisidir.

Anar Məmmədov,

Milli Məclisin deputatı