22 iyul 2026 14:58
116

Azərbaycan Almaniya münasibətlərində yeni səhifə

Azərbaycanın xarici siyasətinin fundamental əsaslarını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəfdaş kimi tanınır, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və sülhə, təhlükəsizliyə, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfələr verir.

Xüsusilə, Avropa ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Ölkəmiz siyasi dialoqun genişlənməsində, iqtisadi əlaqələrin dərinləşməsində, enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik siyasəti və liderliyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib, qarşılıqlı maraqlara əsaslanan münasibətlər isə yeni inkişaf mərhələsinə yüksəlib.

Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərində formalaşmış etimad mühitinin, ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi çəkisinin növbəti ifadəsi kimi yadda qaldı. Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi hadisə oldu. Xüsusilə nəzərə almaq lazımdır ki, səfər Almaniya Federal Kansleri Fridrix Mertsin dəvəti əsasında həyata keçirildi və bu da Azərbaycan Almaniya dialoqunun ən yüksək siyasi səviyyədə davam etdirildiyini göstərir.

Ölkə başçısının Almaniyaya rəsmi səfəri zamanı alman iş adamları ilə keçirilən görüşlər səfərin diqqətçəkən məqamları sırasında yer aldı. Bu təmaslar Azərbaycanın iqtisadi imkanlarına və investisiya mühitinə marağın artdığını nümayiş etdirdi. Aparılan müzakirələr yeni layihələrin reallaşması, biznes əlaqələrinin genişlənməsi və uzunmüddətli tərəfdaşlıq üçün mövcud potensialı ortaya qoydu. Yeni mərhələdə əməkdaşlığın enerji təhlükəsizliyi ilə məhdudlaşmayaraq bərpaolunan enerji, yaşıl keçid, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma, səhiyyə, peşə təhsili və alman şirkətlərinin Azərbaycana investisiyalarının artırılması istiqamətlərində genişlənməsi də mümkündür. Prezidentin səfər çərçivəsində Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə görüşü də iqtisadi əməkdaşlığın səfərin əsas gündəliklərindən biri olduğunu göstərdi.

Azərbaycan Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyması iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı məqamlar enerji, nəqliyyat, investisiya və yaşıl enerji istiqamətlərində mövcud potensialın kifayət qədər böyük olduğunu nümayiş etdirir. Almaniyanın Avropanın aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqazda artan rolu Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Almaniyanın regionda sülh prosesinə verdiyi dəstək də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, tranzit imkanlarının genişləndirilməsi və Orta Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağına çevrilməsi ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Bu amillər Azərbaycan Almaniya əməkdaşlığının gələcəkdə daha geniş miqyas alacağına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əsas verir.

Səfər çərçivəsində Kansler Fridrix Mertsin Azərbaycan ilə Almaniya arasında davamlı və məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm bəyanatı ölkəmizə göstərilən ehtiramın, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursuna verilən yüksək qiymətin, habelə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcək inkişafına olan inamın parlaq ifadəsi kimi yadda qaldı.

Bütövlükdə bu səfəri Azərbaycan Almaniya münasibətlərində mövcud imkanların daha səmərəli reallaşdırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirmək olar. Əminliklə demək mümkündür ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi dialoqun daha intensiv xarakter almasına, iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq. Səfərin nəticələri Azərbaycanın Avropa ilə tərəfdaşlıq gündəminə yeni məzmun gətirəcək, əməkdaşlığın praktik müstəvidə daha məhsuldar nəticələr verməsinə şərait yaradacaq. Bu isə Avropanın enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və iqtisadi maraqları baxımından faydalı nəticələr vəd edir və səfər Azərbaycan Almaniya dialoqunda yeni səhifə kimi yadda qalacaq.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı