23 iyul 2026 10:30
146

Süni intellekt yeni mərhələyə qədəm qoyur

İnsanabənzər robotlar real iş mühitinə daxil olurlar

Süni intellekt və robot texnologiyalarının sürətlə inkişaf etməsi nəticəsində 2026-cı il insanabənzər robotların laboratoriyalardan çıxaraq real iş mühitində tətbiq olunmağa başladığı dövr kimi qiymətləndirilir. Bu sahə artıq robotların imkanlarını nümayiş etdirmək mərhələsindən onların gündəlik iş prosesində nə dərəcədə səmərəli fəaliyyət göstərə bildiklərini sübut etmək mərhələsinə keçib.

ABŞ-ın ən böyük və qlobal miqyasda ən nüfuzlu investisiya bankı və maliyyə xidmətləri şirkəti olan "Goldman Sachs"ın məlumatına görə, ötən il dünyada təxminən 13 min insanabənzər robot şirkətlərdə istifadə olunmaq üçün istismara verilib. Proqnozlara əsasən, 2026-cı ildə bu rəqəmin 50-100 min arasında olacağı gözlənilir.

Hazırda insanabənzər robotlardan hava limanlarında, avtomobil sənayesi müəssisələrində, logistika mərkəzlərində və anbarlarda istifadə edilir. Analitiklər hesab edirlər ki, 2028-2030-cu illərdə bu robotlar gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcəklər.

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən "Apptronik" şirkəti bu istiqamətdə mühüm addım atıb. “NASA”nın insanabənzər robot layihələri üzrə məsləhətçiləri olmuş Texas Universitetinin iki alimi və bir sahibkar tərəfindən yaradılan şirkət iyunun sonunda sahəsi 8 min kvadratmetrdən çox olan “Robot Park” Təlim Mərkəzini istifadəyə verib. "Robot məktəbi" kimi tanınan bu mərkəzdə yüzlərlə insanabənzər robot gecə-gündüz rejimində real iş şəraitinə hazırlanır. Şirkətin hazırladığı “Apollo 2” robotları burada gələcəkdə qarşılaşacaqları tapşırıqları dəfələrlə yerinə yetirərək təlim keçirlər. Onlara konveyer lentlərinə qutuların yüklənməsi, məhsulların çeşidlənməsi, malların rəflərə düzülməsi, qablaşdırılması, paletlərin daşınması, inventarın yoxlanılması və qapıların açılması kimi əməliyyatlar öyrədilir. Robotlar, eyni zamanda, nahamar səthlərdə hərəkət etməyi, müxtəlif əşyaları götürüb yerləşdirməyi və insanlar üçün nəzərdə tutulmuş məkanlarda təhlükəsiz şəkildə fəaliyyət göstərməyi də sınaqdan keçirirlər. Təlim Mərkəzində həm təkərli, həm də ikiayaqlı “Apollo 2” modelləri istifadə olunur. Təkərli model sənaye müəssisələrində yüksək məhsuldarlıq tələb edən işlər üçün, ikiayaqlı model isə insanların istifadə etdikləri mürəkkəb məkanlarda hərəkət qabiliyyətini və etibarlılığını artırmaq məqsədilə hazırlanıb.

Qeyd edək ki, robotların öyrədilməsi teleoperasiya üsulu ilə həyata keçirilir. Operatorlar xüsusi idarəetmə sistemi vasitəsilə robotların hərəkətlərini real vaxt rejimində idarə edir, robotlar isə həmin hərəkətləri təkrarlayırlar. Bu proses zamanı kameralardan, sensorlardan, oynaqların vəziyyətindən və qüvvəölçmə sistemlərindən əldə olunan bütün məlumatlar saniyə-saniyə qeydə alınır. Toplanan məlumatlar robotların süni intellekt modelinin təkmilləşdirilməsi üçün istifadə edilir. Bu model “Google DeepMind” tərəfindən hazırlanan “Gemini Robotics” texnologiyası ilə inteqrasiya olunub. Operatorun yerinə yetirdiyi hər bir hərəkət robot üçün öyrənmə nümunəsinə çevrilir və gələcəkdə oxşar vəziyyətlə qarşılaşdıqda hansı əməliyyatı yerinə yetirməli olduğunu müəyyən etməsinə kömək edir.

Şirkətin məlumatına görə, süni intellekt modeli inkişaf etdikcə robotlar insan müdaxiləsinə daha az ehtiyac duyur və daha müstəqil fəaliyyət göstərirlər. Bu yanaşma "davamlı öyrənmə dövrü" kimi xarakterizə olunur. Robotlar hər yeni tapşırıq zamanı məlumat toplayır, əldə olunan təcrübə isə növbəti nəsil robotların hazırlanmasında istifadə edilir. Mütəxəssislər hesab edirlər ki, hazırda əsasən istehsal və logistika sahələri üçün hazırlanan insanabənzər robotlar gələcəkdə səhiyyə, xidmət sektoru və ev təsərrüfatı da daxil olmaqla bir çox sahədə insanların köməkçisinə çevriləcək.

Şahnigar Əhmədova, “İki sahil”