20 iyul 2026 21:05
577

YAP Sumqayıt şəhər təşkilatında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında 22 iyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Azərbaycan milli mətbuatının keçdiyi zəngin inkişaf yolundan, cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında, dövlətçilik prinsiplərinin təbliğində və ictimai rəyin formalaşmasında mətbuatın əvəzsiz rolundan danışıb. Bildirib ki, əsası böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız bu gün Prezident İlham Əliyevin misilsiz dəstəyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd olunub ki, dövlət tərəfindən media sahəsinin inkişafına, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına və peşə fəaliyyətlərinin dəstəklənməsinə xüsusi diqqət və qayğı göstərilir. Vurğulanıb ki, məsuliyyətli və peşəkar jurnalistika cəmiyyətlə dövlət arasında etibarlı körpünün formalaşmasında mühüm rol oynayır.

Ramiz Hüseynov çıxışında Sumqayıt şəhərində fəaliyyət göstərən media nümayəndələrinin də şəhərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının operativ, obyektiv və dolğun işıqlandırılmasında mühüm xidmətlər göstərdiklərini qeyd edib, onların fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Milli Mətbuat Günü münasibətilə peşə fəaliyyətində fərqlənən media nümayəndələri təltif olunublar. Eyvaz Qocayev (Sumqayıtxəbər), Ramil Zeynallı (Xeberle.com), Elçin Abdullayev (Sumqayıt TV), Ətrabə Rzayeva (AZƏRTAC), Pərviz Sadayoğlu (Yeni Azərbaycan qəzeti), Vüsal Məmmədov (AzTV), Orxan Hacıyev (Unikal.az), Nizami Rəsulov (DenAz.TV) və Səbuhi Allahverdiyev (Sumqayıt Şəhər Bələdiyyəsinin mətbuat katibi) YAP Sumqayıt şəhər təşkilatı tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Təltif olunan jurnalistlər göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlıqlarını bildirərək, bundan sonra da dövlətçilik prinsiplərinin, milli maraqların və cəmiyyətin obyektiv məlumatlandırılmasının təmin olunması istiqamətində peşə fəaliyyətlərini məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.