23 iyul 2026 15:16
102

Tofiq Mirzəyev İsraildə dəfn edilib

Xalq artisti, rejissor Tofiq Mirzəyev ötən gün ömrünün son illərini yaşadığı İsrailin Arad şəhərində torpağa tapşırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.

“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman çıxış edərək Azərbaycan icması adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.