30 iyul 2026 13:44
218

Zelenskinin Vaşinqton səfəri: Qlobal təhlükəsizlik xətti və Azərbaycanın geosiyasi dividendləri

Müasir dünyada güclərin siyasi düzülüşü ani surətdə fərqliləşir. Avropanın təhlükəsizlik sistemi, enerji marşrutları və beynəlxalq hüququn gələcəyi artıq təkcə diplomatik danışıqlar masasında deyil, həm də müharibələrin və siyasi qərarların fonunda formalaşır. Bu baxımdan Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri adi diplomatik görüş deyil, Qərbin gələcək təhlükəsizlik strategiyasının mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər.

Bu səfərin əsas məqsədi Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyin davamlılığını təmin etməklə yanaşı, Rusiyanın beynəlxalq hüququ pozan siyasətinə qarşı kollektiv mövqenin daha da möhkəmləndirilməsidir. Vaşinqton üçün Ukrayna təkcə bir müttəfiq deyil; o, Avropa təhlükəsizlik sisteminin dayanıqlılığını müəyyən edən əsas ölkələrdən birinə çevrilib.

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə bir daha göstərdi ki, suveren dövlətlərin ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsi cəhdləri yalnız regional deyil, qlobal sabitlik üçün də ciddi təhlükə yaradır. Beynəlxalq hüququn fundamental prinsipləri, dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və xalqların təhlükəsiz yaşamaq hüququ  müasir beynəlxalq münasibətlərin əsas dayaqlarıdır. Bu prinsiplərin qorunması yalnız Ukraynanın deyil, bütün müstəqil dövlətlərin təhlükəsizliyi baxımından əhəmiyyət daşıyır.

Azərbaycan üçün bu proseslərin xüsusi əhəmiyyəti var. Ölkəmiz uzun illər beynəlxalq hüququn aliliyini, dövlətlərin ərazi bütövlüyü prinsipini və münaqişələrin siyasi-diplomatik yollarla həllini müdafiə edib. Məhz buna görə də beynəlxalq hüququn daha ardıcıl şəkildə tətbiq olunması Azərbaycanın xarici siyasət maraqları ilə də üst-üstə düşür.

Zelenskinin ABŞ-də keçirdiyi görüşlər həm də enerji təhlükəsizliyi baxımından diqqət çəkir. Avropanın enerji mənbələrini şaxələndirmək siyasəti Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Xəzər hövzəsinin enerji ehtiyatları, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi nəqliyyat-kommunikasiya layihələri yeni geosiyasi reallıqda daha böyük önəm qazanır. Avropa üçün etibarlı enerji tərəfdaşı olan Azərbaycanın mövqeyi gücləndikcə, ölkənin beynəlxalq siyasi çəkisi də artır.

Bununla yanaşı, Azərbaycanın yerləşdiyi coğrafi mövqe Şərqlə Qərb arasında mühüm logistika körpüsünə çevrilmək potensialını daha da genişləndirir. Yeni iqtisadi marşrutlara artan maraq ölkəmiz üçün əlavə investisiyalar, tranzit gəlirləri və regional əməkdaşlıq imkanları yarada bilər.

Lakin yaranan imkanlarla yanaşı, müəyyən çağırışlar da mövcuddur. Böyük güclər arasında rəqabətin dərinləşməsi Cənubi Qafqazı da təsirsiz qoymur. Belə şəraitdə Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, çoxtərəfli diplomatiyası və milli maraqlara söykənən qərarları xüsusi əhəmiyyət kəsb edir. Hər bir beynəlxalq proses ölkənin uzunmüddətli təhlükəsizliyi, iqtisadi inkişafı və regional sabitliyi prizmasından qiymətləndirilməlidir.

Rusiyanın gələcək siyasəti ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Bir çox beynəlxalq ekspertlər hesab edirlər ki, uzunmüddətli sülh yalnız beynəlxalq hüquqa hörmət, diplomatik mexanizmlərin gücləndirilməsi və dövlətlərin suverenliyinə əməl olunması ilə mümkün ola bilər. Digərləri isə münaqişənin gedişi, tərəflərin hərbi və siyasi qərarları, eləcə də beynəlxalq dəstəyin səviyyəsinin hələ də vəziyyətə ciddi təsir göstərmədiyini vurğulayırlar. Bu səbəbdən Rusiyanın gələcəkdə başqa dövlətlərə qarşı təcavüzünün tam qarşısının nə vaxt və necə alınacağı barədə qəti nəticə çıxarmaq mümkün deyil.

Bugünkü reallıq onu göstərir ki, demokratik dəyərlərin, beynəlxalq hüququn və suverenliyin müdafiəsi təkcə ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq sistemin sabitliyi üçün həyati əhəmiyyət daşıyır. Zelenskinin Vaşinqton səfəri də məhz bu baxımdan diqqətəlayiqdir və yalnız Ukraynaya dəstək axtarışı deyil, həm də beynəlxalq təhlükəsizlik sisteminin gələcək istiqamətləri barədə siyasi mesajdır.

Xüsusi diqqət çəkən məqamlardan biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonda keçirdiyi mühüm görüşlər ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparması oldu. Bu hadisələrin eyni dövrə təsadüf etməsi regionun geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirdi. Telefon danışığının konkret motivləri barədə müxtəlif şərhlər səslənsə də, onun məhz Cənubi Qafqazın strateji çəkisinin artdığı bir dövrdə baş verməsi diqqətdən kənarda qalmadı.

Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, Avrasiya məkanının mühüm geosiyasi aktorlarından biri kimi qəbul olunur. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyinə verdiyi töhfə, müstəqil və çoxşaxəli xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu gün dünyanın aparıcı siyasi mərkəzləri, həm Qərb, həm də regionun əsas gücləri Azərbaycanla dialoqu və əməkdaşlığı strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirirlər.

Məhz buna görə də Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız hadisələri izləyən deyil, bir çox hallarda onların gedişinə təsir göstərə bilən dövlətlər sırasında göstərilir. Bu mövqe ölkənin iqtisadi potensialı, enerji resursları, tranzit imkanları, diplomatik fəallığı və milli maraqlara əsaslanan praqmatik siyasəti nəticəsində formalaşıb.

Dünyada yeni güc balansının yarandığı bir dövrdə Azərbaycanın strateji əhəmiyyəti daha da artır. Bu reallıq ölkənin həm regional sabitliyin qorunmasında, həm də Avropa ilə Asiya arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafında mühüm rol oynadığını göstərir. Böyük dövlətlərin Bakı ilə davamlı siyasi təmaslara xüsusi önəm verməsi də məhz Azərbaycanın artan geosiyasi çəkisinin və etibarlı tərəfdaş kimi qazandığı nüfuzun göstəricilərindən biridir.

Əlövsət HÜSEYNQULİYEV,
Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri,
Antiterror və təhlükəsizlik üzrə ekspert