Hər bir xalqın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və dünyagörüşünü yaşadan ən müqəddəs sərvətlərdən biri onun ana dilidir. Dil sadəcə insanların bir-biri ilə ünsiyyət qurmasına xidmət edən əsas vasitə deyil. O, xalqın yaddaşı, milli kimliyi, tarixi keçmişi, düşüncə tərzi, fəlsəfəsi və gələcəyə baxışının daşıyıcısıdır. Əsrlər boyu formalaşaraq zənginləşən hər bir dil öz xalqının yaşadığı tarixi hadisələri, keçdiyi inkişaf yolunu, adət-ənənələrini, məişətini, ədəbi və elmi irsini özündə qoruyub saxlayır. Məhz buna görə də dil milli varlığın əsas sütunu, dövlətçiliyin mənəvi dayağı hesab olunur.
Azərbaycan dili də qədim tarixə, zəngin söz ehtiyatına, yüksək ifadə imkanlarına, poetik gözəlliyə və ahəngdarlığa malik dillərdəndir. Bu dil əsrlər boyu Nizami Gəncəvinin hikmətini, Nəsiminin fəlsəfəsini, Füzulinin məhəbbətini, Vaqifin həyatsevərliyini, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını, Cəlil Məmmədquluzadənin satirasını, Üzeyir Hacıbəylinin musiqi dühasını, Bəxtiyar Vahabzadənin və Xəlil Rza Ulutürkün vətən sevgisini nəsildən-nəslə ötürmüşdür. Azərbaycan dili xalqımızın milli ruhunu, mənəvi gücünü və müstəqillik əzmini bu gün də yaşatmaqdadır.
Dil yalnız keçmişimizi yaşatmır, həm də gələcəyimizi formalaşdırır. Uşağın ilk eşitdiyi layladan məktəbdə aldığı ilk biliyə, elmdən texnologiyaya, dövlət idarəçiliyindən beynəlxalq münasibətlərə qədər həyatın bütün sahələrində ana dili mühüm rol oynayır. Milli düşüncə məhz ana dili vasitəsilə formalaşır. Buna görə də ana dilinin qorunması milli təhlükəsizlik, milli kimlik və dövlətçilik məsələsi kimi xüsusi əhəmiyyət daşıyır.
Bir dilin xalqın həyatında hansı rola malik olduğunu sovet dövlətinin ideoloqları da yaxşı bilirdilər. Ona görə də sovet rejimi xalqların milli dəyərlərinə qənim kəsilərkən ilk növbədə onların dillərini hədəfə almış, ana dilində danışığın məhdudlaşdırılması ilə bağlı yazılmamış qaydalar müəyyən etmişdi. Məsələn, dövlət idarəetməsində ünsiyyətin, rəsmi yazışmaların yalnız rus dilində olması məcburi idi.
Ona görə SSRİ dövründə milli respublikalarda ana dili məsələlərinin gündəmə gətirilməsi böyük risk tələb edirdi. Sovet rəhbərliyi xalqların öz dillərinə xüsusi maraq göstərmələrinə isti yanaşmırdı. Bu baxımdan dillə bağlı sovet stereotiplərindən kənara çıxmaq təhlükəli idi. Yalnız Heydər Əliyev kimi öz xalqının milli dəyərlərinə bağlı olan dahi şəxsiyyətlər sovet ideologiyasının hakim olduğu bir şəraitdə böyük cəsarətlə ana dili məsələlərini gündəmə gətirə bilərdilər.
Öncə onu qeyd edim ki, Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir tarixi dövrdə xalqımızın milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı əlindən gələni etmiş, bütün imkanları səfərbər etmişdi. O illərdə belə addımlar çox təhlükəli olsa da, Heydər Əliyev Azərbaycan xalqının özünəməxsus dəyərlərini yad təsirlərdən, manqurtlaşmadan xilas etmək üçün böyük qətiyyət nümayiş etdirmiş, milli düşüncə sahibi olduqlarına görə təqib edilən ziyalıları cəsarətlə qorumuşdu.
Ulu Öndərin sovet dövründə milli irsimizlə bağlı qətiyyətli mövqeyi ana dilimizə olan münasibətindən də aydın görünür. Heydər Əliyevin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxışlara üstünlük verməsi onun respublikamıza birinci rəhbərliyi dövrünün əsas siyasi-ictimai hadisələrindən biridir. Eləcə də məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə sovet dövründə respublikamızda rəsmi dilin Azərbaycan dili olması konstitusion səviyyədə təsbit edilmişdi. Belə ki, həmin dövrdə SSRİ-nin bir sıra müttəfiq respublikalarında dövlət dili ilə bağlı müddəalar konstitusiyalardan çıxarıldığı halda, Ulu Öndər Heydər Əliyevin qətiyyəti və prinsipial mövqeyi nəticəsində Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması haqqında maddə öz əksini tapmışdı. 1978-ci il aprelin 27-də qəbul olunan Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi həmin dövr üçün böyük siyasi uğur olmaqla yanaşı, xalqımızın milli-mənəvi həyatında mühüm tarixi hadisə idi. Bu qərar Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri kimi tarixə düşdü.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan dilinin inkişafı üçün tamamilə yeni mərhələ başlandı. Dövlət dili ictimai-siyasi, sosial-iqtisadi, elmi, təhsil və mədəni həyatın bütün sahələrində geniş tətbiq olunmağa başladı. Ana dilimizin dövlət dili kimi hərtərəfli inkişafı üçün hüquqi və təşkilati əsaslar yaradıldı.
Bu istiqamətdə ən mühüm hadisələrdən biri 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya layihəsinin hazırlanması zamanı dövlət dilinin adı ilə bağlı geniş ictimai müzakirələr aparıldı. Məsələ elmi dairələrdə, kütləvi informasiya vasitələrində, müxtəlif təşkilatlarda və ictimai platformalarda demokratik şəraitdə müzakirə edildi. Nəticədə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla da Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri kimi öz hüquqi təminatını aldı.
Ulu Öndər Heydər Əliyev dövlət dili siyasətinin yalnız hüquqi əsaslarla məhdudlaşmamasına, onun praktik tətbiqinin də təmin edilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin sənəd Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, kütləvi informasiya vasitələrində və digər sahələrdə tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Eyni zamanda Fərmana əsasən Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dili siyasətinin sistemli şəkildə həyata keçirilməsinə başlanıldı.
2001-ci il avqustun 9-da imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən isə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin qorunmasına, zənginləşdirilməsinə və gələcək nəsillərə saf şəkildə çatdırılmasına xidmət edən dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin zənginliyi və gözəlliyi haqqında deyirdi: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurla davam etdirildiyini göstərir. Dövlətiçizin başçısının təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı, eləcə də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin inkişafına göstərilən yüksək dövlət qayğısının bariz nümunələridir.
Qloballaşmanın sürətləndiyi, informasiya texnologiyalarının həyatımızın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın mənəvi borcudur. Dövlət dilinə hörmət milli kimliyə, dövlətçiliyə və tarixi irsə hörmətin ifadəsidir. Ana dilimizin zənginliyinin qorunması, onun yeni nəsillərə düzgün və saf şəkildə ötürülməsi milli həmrəyliyimizin, mədəni davamlılığımızın və dövlət müstəqilliyimizin mühüm təminatlarından biridir.
Dil xalqın varlığını yaşadan ən qüdrətli amildir. Azərbaycan dili də xalqımızın milli varlığını, tarixini və dövlətçilik ənənələrini özündə yaşadan müqəddəs mənəvi sərvətdir. Dövlət bayrağımız, gerbimiz və himnimiz kimi ana dilimiz də milli kimliyimizin ayrılmaz rəmzidir. Bu müqəddəs sərvətin qorunması hər bir azərbaycanlının vətəndaşlıq borcu və mənəvi məsuliyyətidir.
Səbinə Salmanova,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü.
“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”
Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin strateji prioritetidir